AZƏRBAYCAN QLOBAL ENERJİ TƏHLÜKƏSİZLİYİNDƏ FƏAL OYUNÇUYA ÇEVRİLİR

Müasir dövrdə enerji sisteminin gücü və inkişaf potensialı hər bir ölkənin iqtisadi sabitliyinin, sosial rifahının və milli təhlükəsizliyinin vacib meyarı hesab olunur. Bu reallığa nəzərən Azərbaycanda enerji sektorunun inkişafına dövlət səviyyəsində uzunmüddətli və strateji baxış mövcuddur. Son 30 ildə respublikanın enerji təsərrüfatının modernləşdirilməsi sahəsində görülən tədbirlərin məqsədi enerji təminatında dayanıqlığı təmin etmək, istehlakçıların keyfiyyətli və fasiləsiz enerji ilə təchizatını gerçəkləşdirmək olub.

Azərbaycanın enerji sektoru sürətli inkişaf mərhələsindən keçərək təkcə milli enerji təhlükəsizliyinin təminatına deyil, həm də ölkənin beynəlxalq enerji bazarlarında etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində mühüm rol oynayıb. 2003-cü ildən etibarən ölkədə ümumi gücü 4000 MVt olan 70-dən çox yeni elektrik stansiyası istifadəyə verilib, nəticədə enerji ixracı potensialı 3 dəfədən çox artıb. Bu nailiyyətlər Dünya İqtisadi Forumunun “Effektiv Enerji Keçidinin Təşviqi 2023” hesabatında da əks olunub. Hesabatda deyilirdi ki, Azərbaycan tənzimləmə mühitini və infrastrukturu təkmilləşdirərək, 62 enerji keçidi indeksi ilə 120 ölkə arasında 32-ci yerə yüksəlib.

Prezident İlham Əliyevin 2024-cü il iyunun 24-də Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışındakı çıxışında qeyd etdiyi kimi: “Bu gün “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək”.

Yeni stansiyaların inşası ölkəmizin enerji təminatının keyfiyyətcə yeni mərhələyə keçidinə, sistemin dayanıqlığının artmasına, əhalinin, eləcə də biznes subyektlərinin artan enerji tələbatının ödənilməsinə imkan yaradıb. Əgər bu stansiyalar tikilməsəydi, ölkəmiz hazırda elektrik enerjisi baxımından hələ də asılı vəziyyətdə qala bilərdi. Hazırda Azərbaycanın elektrik enerjisinin 40 faizdən çoxu məhz Mingəçevir şəhərində istehsal olunur. “8 Noyabr” Elektrik Stansiyasının fəaliyyətə başlaması ilə ölkənin enerji sisteminin ümumi səmərəliliyi əhəmiyyətli dərəcədə artacaq, texnoloji itkilər azalacaq, enerjinin istehsalı, paylanması prosesi daha çevik və qənaətli formada təşkil ediləcək. Mühüm məqam həm də ondan ibarətdir ki, yeni stansiya yüksək məhsuldarlıqla işləməklə, şərti yanacaq sərfiyyatını nəzərəçarpacaq dərəcədə azaldacaq. Bu isə təbii qaz sərfiyyatının azalmasına, sərf olunmayan mavi yanacağın birbaşa ixraca yönəldilməsinə imkan verəcək.

Hazırda Azərbaycan təbii qazının Avropa da daxil olmaqla, 12 ölkəyə ixrac edildiyini, bu resursa artan qlobal tələbatı nəzərə alsaq, daxili qənaət hesabına əldə olunan əlavə qaz həcmləri ölkəyə həm iqtisadi, həm də geosiyasi dividentlər gətirəcək. Bundan əlavə, daxili istehlakda alternativ və bərpaolunan enerjinin payının artımı, yeni günəş və külək elektrik stansiyalarının istifadəyə verilməsi fonunda qaz ehtiyatlarının daha səmərəli istifadəsi mümkün olacaq.

Ümumiyyətlə, hazırda Azərbaycanın energetika potensialının artımında son illər inşa edilən su, külək və günəş stansiyalarının rolunu xüsusi vurğulamaq lazımdır. Prezident İlham Əliyevin hələ 2021-ci ildə imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl enerji zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamı bu istiqamətdə mühüm layihələrin reallaşdırılmasına təkan verib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları zəngin su ehtiyatları, çaylar, termal bulaqlar və digər təbii resurslar baxımından bərpaolunan enerji istehsalı üçün böyük potensiala malikdir.

Hazırda ölkəmizin hədəfi 2026-cı ilə qədər bərpaolunan enerji istehsalının ümumi enerji balansındakı payını 24 faizə, 2030-cu ilə qədər 35 faizə çatdırmaqdır. Bu məqsədə çatmaq üçün Birləşmiş Ərəb Əmirlikləri, Çin, Səudiyyə Ərəbistanı kimi ölkələrin aparıcı şirkətləri ilə əməkdaşlıq əlaqələri qurulub, konkret layihələrin icrasına başlanılıb. Misal üçün, Çin texnologiyası əsasında günəş panelləri istehsalı və quraşdırılması üzrə bir neçə iri müəssisə inşa olunur. Bu həm də texnologiya transferi və yerli kadrların ixtisaslaşdırılması baxımından üstünlüklər yaradır.

Azərbaycan elektrik enerjisinin ixracı sahəsində də beynəlxalq əməkdaşlığını gücləndirməkdədir. Bu baxımdan Gürcüstan, Türkiyə və Avropa ölkələri əsas istiqamətlər kimi müəyyən edilib. 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış saziş bu baxımdan strateji əhəmiyyət daşıyır. Bu layihə təkcə Azərbaycanın deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edəcək. Yeni xətt vasitəsilə 1000 meqavatadək elektrik enerjisinin ötürülməsi nəzərdə tutulur.

Bərpaolunan enerjiyə keçid təkcə iqtisadi mənfəət üçün deyil, eyni zamanda ətraf mühitin qorunması, iqlim dəyişikliklərinə qarşı mübarizə kontekstində strateji hədəf kimi müəyyən edilib. Belə ki, qaz sərfiyyatının azalması nəticəsində ətraf mühitə buraxılan karbon tullantılarının həcmi iləbəil azalır. Azərbaycan Paris İqlim Sazişi əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə çalışır.

Energetika sistemindəki bu uğurlar Azərbaycanın beynəlxalq mövqelərini də gücləndirir. Hazırda Azərbaycan Avropanın 10 ölkəsinə təbii qaz ixrac edir. Eyni zamanda, xam neft, neft-kimya məhsulları və elektrik enerjisi ixracı genişlənir. Bu, ölkənin iqtisadi müstəqilliyinin möhkəmlənməsinə, valyuta gəlirlərinin diversifikasiyasına və ticarət tərəfdaşları ilə əlaqələrinin dərinləşməsinə imkan yaradır.

MTM Analitik Qrup