Avropanın enerji təhlükəsizliyindəki rolu getdikcə artan Azərbaycanın mavi yanacağ ixrac etdiyi ölkələrin sayı sürətlə artır. Avqustun 1-dən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Sloveniyaya qaz təchizatına başlanılıb. Qaz təchizatı iyulun 17-də SOCAR ilə Sloveniyanın təbii qaz bazarındakı ən iri şirkəti olan “Geoplin” arasında imzalanmış Anlaşma Memorandumuna əsasən həyata keçirilir. Hər iki şirkət enerji tərəfdaşlığını perspektivdə daha da inkişaf etdirməyi hədəfləyir.
Beləliklə, ölkəmizin mavi yanacağ ixrac etdiyi ölkələrin sayı 9-a çatıb. Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya ilə yanaşı, Sloveniya Azərbaycan qazının təchiz olunduğu doqquzuncu Avropa ölkəsidir. Azərbaycanın enerji resurslarının ixracının genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin Avropa İttifaqına daxil olan dövlətlər tərəfindən dəstək alması ölkəmizin bu məkanda siyasi dəstək almaq, strateji maraq və mənafelərini təmin etmək imkanlarını genişləndirir.
İxrac qazının həcminin artırılması, bu məqsədlə yeni layihələrin reallaşdırılması üçün 2022-ci ilin sentyabrında Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılışı, 2023-cü ilin dekabrında Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi ölkəmizin Avropa bazarlarında iri mavi yanacaq tədarükçüsü olmasını təmin edir. Regiondakı və Avropadakı tərəfdaşları ilə birgə reallaşdırdığı mühüm enerji layihələri Azərbaycanın dünya enerji təchizatında sabitləşdirici rol oynamasına da zəmin yaradıb. 2022-il iyulun 18-də imzalamış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” Azərbaycanla Avropa İttifaqı ölkələri arasında enerji əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə keçidini təmin edib. Praqmatik enerji diplomatiyası Azərbaycanın Avropa İttifaqı ölkələri ilə münasibətlərini də keyfiyyətcə yeni mərhələyə yüksəldib.
Azərbaycandan 2021-ci ildə 18,5, 2022-ci ildə 22,3, 2023-cü ildə 23,8 milyard kubmetr qaz ixrac olunub. 2022-ci ildə Avropayaya ixrac edilən təbii qazın həcmi 11,4 milyard kubmetr, 2023-cü ildə 11.8 kubmetr təşkil edib. 2027-ci ilədək TAP-la qaz nəqlinin hazırkı 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Reallaşdırılan bu və digər layihələr fonunda Azərbaycan uzun illər boyu Avropa üçün strateji enerji tərəfdaşı olaraq qalmağa iddialıdır.
Ukraynada iki ildən çoxdur ki, davam edən qanlı müharibə, Rusiya-Qərb münasibətlərindəki gərginliyin dərinləşməsi fonunda karbohidrogen ehtiyatlarından geosiyasi təzyiq aləti kimi istifadə meyillərinin artması fonunda Azərbaycana etibarlı tərəfdaş kimi yanaşılır. Beynəlxalq miqyasda öhdəliklərinə sadiq, qiymət sabotajlarına yol verməyən və sabit neft-qaz ixracatçısı kimi tanınan Azərbaycanla əməkdaşlığı genişləndirmək Avropa ölkələri üçün mühüm əhəmiyyət kəsb edir.
Coğrafi mövqeyi, təbii ehtiyatları ilə fərqlənən respublikamızla əməkdaşlıq bir sıra Avropa ölkələri kimi, Sloveniyanın da xüsusi maraq dairəsindədir. Tərəfdaş ölkənin ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer Lyublyanada Azərbaycan qazının tədarükü ilə bağlı deyib: “İnanıram ki, bu və sonrakı sazişlər təkcə iki şirkət arasında deyil, həm də iki ölkə arasında uzunmüddətli uğurlu əməkdaşlığa gətirib çıxaracaq. Bunun sayəsində biz sözün həqiqi mənasında Sloveniyanı qarşıdan gələn qış üçün xilas etdik və təhlükəsiz şəkildə təbii qazla təmin etdik”.
MTM Analitik Qrup