AZƏRBAYCAN QLOBAL ƏDALƏT UĞRUNDA MÜBARİZƏYƏ LİDERLİK EDƏN ÖLKƏLƏR CƏRGƏSİNDƏ YERİNİ MÖHKƏMLƏNDİRİR

Yaşadığımız əsrdə müstəmləkəçilik rəsmi olaraq keçmişin bir qalığı kimi görünsə də, bu fenomenin müxtəlif formalarda davam etdiyi də birmənalı həqiqətdir. Özü də burada mühüm nünaslardan biri odur ki, indi müstəmləkəçilik təkcə hansısa ərazilərin işğalı ilə deyil, həm də iqtisadi, siyasi, informasiya və mədəni asılılıq formalarında təzahür edir. Ancaq o da olduqca vacib məqamdır ki, müstəmləkəçiliyə qarşı bu gün qlobal miqyasda yeni bir mübarizə mərhələsi başlayıb və Azərbaycan bu prosesdə liderlər cərgəsində yer alır. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq səviyyədə bu proseslərə qarşı prinsipial mövqeyi və müstəmləkəçiliyin bütün formalarına qarşı qəti mübarizəsi ölkəmizin qlobal ədalət və beynəlxalq hüququn bərqərar olmasına verdiyi töhfələrin mühüm göstəricisidir. Qeyd edilənlər kontekstində ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Belçikanın müstəmləkə keçmişinə və onun hazırkı ağır fəsadlarına həsr olunmuş “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfransın keçirilməsi beynəlxalq miqyasda xüsusi diqqət cəlb edir.

Belçikanın keçmiş müstəmləkələri olan Konqo Demokratik Respublikası, Ruanda və Burundidən olan nümayəndələrin, müxtəlif diplomatlar və rəsmi şəxslərin iştirakı ilə reallaşan tədbir müstəmləkəçilik probleminin ağır fəsadlarının bir daha qlobal miqyasda gündəmə gəlməsində, onun fəsadlarına qarşı mübarizə aparılmasında  müstəsna əhəmiyyətə malikdir. Qeyd edilməlidir ki, Belçikanın Afrika qitəsində, xüsusilə Konqo Demokratik Respublikası, Ruanda və Burundi kimi keçmiş müstəmləkələrində yerli əhaliyə qarşı törətdiyi vəhşiliklər – etnik bölünmə siyasəti, kütləvi qətllər və mədəni mirasın talan edilməsi, o cümlədən Belçika müstəmləkəçiliyinin bu günə qədər davam edən ağır nəticələri indiyə kimi diqqət mərkəzindən kənarda qalıb. Amma Azərbaycan sayəsində indi tamam fərqli mənzərə meydana çıxır. Eyni zamanda, Belçikanın müstəmləkə ərazilərində həyata keçirdiyi neokolonial siyasət nəticəsində adıçəkilən ölkələrin resurslarının hələ də istismar edilməsi, dəymiş ziyana görə bu xalqlara ödənməli olan kompensasiya tələbinin beynəlxalq müstəviyə daşınması və beynəlxalq təşkilatların gündəliyinə salınması baxmından da “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfransın  önəmi çox böyükdür. Konqolu tədqiqatçı Dieudonne Kvebe-Kimpele bu fonda qeyd edir ki,  Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyətin müzakirə etmədiyi bir məsələni – Konqo Demokratik Respublikasının müstəmləkəyə çevrilməsini gündəmə gətirib: “Beynəlxalq ictimaiyyətdə bu, müzakirə məsələsi olmadığı təqdirdə, Bakı Təşəbbüs Qrupu 140 illik müstəmləkə tarixini yenidən araşdırır. Bizi əyalət səviyyəsində idarə edirlər, onların xammal bazasına çevrilmişik və xalq olaraq özümüzü konqolu kimi hiss edə bilmirik”.

Braziliyadan olan fəlsəfə doktoru Lui Filipp Patrik de Jonq Filyonun sözlərinə görə, barəsində bəhs edilən Afrika xalqlarına vurulan zərərə görə təzminatlar ödənilməsi zəruridir, çünki Belçikanın müstəmləkə rejimi zamanı milyonlarla konqolu öldürülüb və işgəncələrə məruz qalıb. Xatırlatmaq lazım gəlir ki, hələ  2019-cu il tarixində BMT-nin Afrika Mənşəli Şəxslərin İşçi Qrupu tərəfindən hazırlanan hesabatda Belçikanın müstəmləkəçiliyi dövründə indiki Konqo Demokratik Respublikası, Ruanda və Burundidə 10 milyon insanın qətlə yetirildiyi, on minlərlə insanın əllərinin kəsildiyi, bu gün də münaqişə ocağına çevrilmiş etnik bölünmə siyasətinin həyata keçirildiyi, yerli əhalinin məcburi əməyə cəlb edildiyi, 20 min qarışıq nikahdan olan uşağın oğurlandığı və yerli icmalardan ayıraraq asimilasiya siyasətinə məruz qoyulduğu, soyqırımlara zəmin yaradıldığı vurğulanır. Bütün bunlara görə ədalət tələb edən ölkələrin başında gələnlərdən biri isə məhz Azərbaycandır.

Ümumiyyətlə, ölkəmiz beynəlxalq münasibətlərdə indi neokolonializm adlandırılan yeni müstəmləkəçilik formalarına qəti şəkildə qarşı çıxır. Xüsusilə bəzi Qərb dövlətlərinin və beynəlxalq institutların inkişaf etməkdə olan ölkələrin, o cümlədən Qlobal Cənub dövlətlərinin daxili işlərinə müdaxilə cəhdləri, siyasi təzyiqləri, sanksiya siyasətləri və ikili standartlı yanaşmaları Bakının tənqid hədəfindədir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, bu cür davranışlar beynəlxalq hüququn prinsiplərinə ziddir və müstəqil dövlətlərin suverenliyini pozur. Cari ilin aprelində Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciətində  bununla bağlı Azərbaycan lideri qeyd edib: “Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərinə əsaslanan siyasət aparıb. Təəssüflər olsun ki, hazırda Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin hələ də əziyyət çəkdikləri əsas problemlərdən biri də bəzi Qərb ölkələrinin yürütdüyü neokolonializm siyasətidir. Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir, xalqlara faciələr, köləlik, iztirab gətirən bu cür davranışları qəbuledilməz hesab edirik. Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir. İnanıram ki, birgə fəaliyyətimizlə xalqlarımız üçün daha işıqlı bir gələcək, yeni, ədalətli dünya düzəni qura bilərik”.

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatındakı fəaliyyəti də müstəmləkəçiliyə qarşı qlobal səviyyədə mübarizənin bir hissəsidir. Ölkə, xüsusilə, BMT-nin Dekolonizasiya Komitəsinin işində fəal şəkildə iştirak edir və hələ də öz müqəddəratını təyin edə bilməyən ərazilərin azadlığına dəstək verir. Bununla yanaşı, Azərbaycan beynəlxalq hüquqa əsaslanan ədalətli dünya düzəninin qurulması üçün çoxsaylı təşəbbüslər irəli sürür. Məsələn, BMT-də keçirilən sessiyalarda və Qlobal Cənub forumlarında Azərbaycan nümayəndə heyəti postmüstəmləkə dövründəki iqtisadi ədalətsizliklərin aradan qaldırılması, inkişaf etməkdə olan ölkələrin resurslara bərabər çıxışının təmin olunması kimi məsələləri qaldırır.  Elə bu ilin sentyabr ayında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkilatın Nyu-York şəhərində yerləşən mənzil-qərargahında “Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?” adlı beynəlxalq konfrans bunun daha bir realnümunəsidir. Həmin tədbirin yekununda səsləndirilən birgə bəyanatda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və Baş Assambleyanın 1960-cı il 14 dekabr tarixli 1514 (XV) saylı “Müstəmləkə ölkələrə və xalqlara müstəqilliyin verilməsi haqqında” qətnaməsinin bütün xalqların öz müqəddəratını təyinetmə hüququnu təsbit etdiyi və müstəmləkəçiliyin bütün təzahürlərinin dərhal və qeyd-şərtsiz aradan qaldırılmasının vacibliyi vurğulanıb.

O da faktdır ki, müasir dövrdə Azərbaycanın müstəmləkəçiliyə qarşı beynəlxalq mübarizəsi yalnız tarixi ədalətin bərpasına yönəlməyib, bu, həm də yeni, ədalətli və bərabərhüquqlu beynəlxalq sistemin formalaşmasına xidmət edir. Azərbaycanın sözügedən  istiqamətdəki prinsipial mövqeyi onu təkcə regional lider deyil, həm də qlobal ədalət uğrunda mübarizənin aparıcı simalarından birinə çevirib.

MTM Analitik Qrup