“AZƏRBAYCAN” QƏZETİNİN NƏŞRƏ BAŞLAMASINDAN 104 İL ÖTÜR

“Azərbaycan” qəzetinin nəşrə başlamasından 104 il ötür.

Müstəqil dövlətçilik tariximizdə öz yeri olan, milli mətbuatımızın inkişafına əvəzsiz töhfələr verən “Azərbaycan” qəzeti 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlayıb. Cəmi iki il işıq üzü görmüş və birinci respublikanın süqutu ilə fəaliyyətini dayandırmış qəzet nəşr olunduğu qısa dövr ərzində görkəmli ziyalıların, tanınmış ictimaiyyət nümayəndələrinin tribunasına çevrilərək, xalqımızın maariflənməsində, müstəqillik ideallarının gerçəkləşməsində, mədəniyyətinin yüksəlişində, mənəvi dəyərlərinin qorunmasında önəmli rol oynayıb. Ölkəmiz yenidən müstəqilliyə qovuşduqdan sonra nəşri bərpa olunmuş “Azərbaycan” qəzeti öz ənənələrini davam etdirərək, milli dövlət quruculuğu prosesində fəal iştirakı ilə seçilib. Qəzet peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsiplərinə daim əməl etmiş, ölkəmizin sosial-iqtisadi tərəqqisi, vətəndaş cəmiyyətinin formalaşması, milli həmrəyliyin möhkəmlənməsi və digər sahələrdə həyata keçirilən dövlət siyasəti barədə həqiqətlərin Azərbaycan ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir.