AZƏRBAYCAN PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI İLHAM ƏLİYEV ŞUŞADA HƏRBÇİLƏR QARŞISINDA ÇIXIŞ EDİB

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxış edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilər qarşısında çıxış etdi.

Prezident, Silahlı QüvvələrinAli Baş Komandanı İlham Əliyevin çıxışı

– Əziz hərbçilər, sizi, Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. İlk növbədə, xahiş edirəm ki, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bu gün biz Zəfər Gününü Şuşada, Cıdır düzündə qeyd edirik. Bütün Azərbaycan bu şanlı bayramı qeyd edir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi. Biz düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik. 44 gün ərzində Azərbaycan Ermənistanın 30 il ərzindəki bütün istehkamlarını, bütün döyüş mövqelərini məhv edərək, Ermənistan ordusunu məhv edərək tarixi Zəfər çaldı. Bu şanlı bayramı xalqımıza siz və sizin kimi on minlərlə hərbçimiz bəxş etmişdir.
İkinci Qarabağ müharibəsi şanlı tariximizin parlaq səhifəsidir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib bu şanlı missiyanı yerinə yetirmişdir. Mən işğal dövründə dəfələrlə deyirdim ki, hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə, öz əməli ilə yaxınlaşdırmalıdır. Mən demişdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və biz işğala son qoymaq üçün bütün gücümüzü səfərbər edib bir nöqtəyə vuraraq düşməni tarixi torpaqlarımızdan qovduq.
2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müraciət edərək demişdim ki, nəyin bahasına olursa-olsun, biz öz tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq. İstər sülh yolu ilə, istər müharibə yolu ilə və belə də oldu. Uzun illər aparılan sülh danışıqları heç bir nəticə vermədi. Nəticə sıfra bərabər oldu. Əksinə, düşmən daha da azğınlaşmış, qudurmuşdu. Əgər işğalın ilk illərində hələ danışıqlarla bağlı Azərbaycan xalqında və məndə hər hansı bir ümidlər var idisə, son vaxtlar bu ümidlər tamamilə aradan qaldırıldı. Ermənistan və onun havadarları bu işğalı əbədi etmək istəyirdilər. Onlar hesab edirdilər ki, əgər 30 ilə yaxın bizim torpağımızı işğal altında saxlaya biliblərsə, bundan sonra da torpaqları əbədi olaraq işğal altında saxlayacaqlar. Amma səhv etdilər. Onlar bilməli idilər ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Bilməli idilər ki, biz düşməni torpağımızdan nəyin bahasına olursa-olsun qovacağıq. Buna hazır olmalı idik, xalq olaraq, dövlət olaraq, bütün hazırlıq işləri vaxtlı-vaxtında aparılmalı idi və aparılmışdır. Bildiyiniz kimi, ordu quruculuğu, hərbi potensialımızın möhkəmləndirilməsi mənim Prezident kimi başlıca vəzifəm idi və təsadüfi deyil ki, mənim Prezidentlik dövrümdə dövlət büdcəmizin əsas xərcləri hərbi məqsədlər üçün nəzərdə tutulurdu. Bu illər ərzində biz güclü hərbi-texniki potensial yaratmışıq. Ən müasir silahlar, sursatlar, texnikalar ölkəmizə gətirilmişdi və hərbçilər tərəfindən bu texnika layiqincə istifadə olundu. İkinci Qarabağ müharibəsi bunun əyani sübutudur. Ordumuzun döyüş qabiliyyəti böyük dərəcədə artdı. Müntəzəm olaraq hərbi təlimlər keçirildi, məşqlər keçirildi və beləliklə, ordumuzun həm texniki təchizatı, həm mənəvi-psixoloji ruhu, həm də döyüş qabiliyyəti böyük dərəcədə artdı.
Biz iqtisadiyyatı gücləndirməli idik və yaxşı başa düşürdük ki, buna nail olmasaq biz düşməni torpaqlarımızdan qova bilməyəcəyik. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi. Çünki əgər biz asılı vəziyyətdə olsaydıq, hansısa başqa böyük dövlətlərdən asılı olsaydıq, heç vaxt bizə imkan verməzdilər ki, biz bu şərəfli missiyanı yerinə yetirək. Ona görə Prezident kimi ilk günlərdən iqtisadi müstəqilliyə hesablanmış bütün lazımi addımlar atıldı və qısa müddət ərzində biz buna nail olduq. Bu gün dünya miqyasında iqtisadi potensial baxımından və iqtisadi sabitlik baxımından Azərbaycan birinci sıralardadır. İqtisadi müstəqillik əldə edilməsəydi siyasi müstəqillikdən söhbət gedə bilməzdi. Biz asılı vəziyyətdə ola bilərdik. Necə ki, bu gün bir çox ölkələr asılı vəziyyətdədir və məhz buna görə öz iradəsini ortaya qoya bilmirlər. Siyasi müstəqillik imkan verdi ki, biz bütün tərəfdaşlarla bərabərhüquqlu, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında münasibətlər qura bildik. Beləliklə torpaqlarımızın azad edilməsi üçün əsas şərtlərdən biri təmin edilmişdi.
Biz Qarabağ həqiqətlərini, işğalla bağlı erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdıra bildik. Birinci Qarabağ müharibəsindən sonrakı ilk dövrdə biz buna nail ola bilməmişdik. Ona görə dünyada müharibə ilə bağlı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvür var idi. Biz bunu aradan qaldırdıq. Gecə-gündüz çalışaraq dünya ictimaiyyətini məlumatlandırdıq, aparıcı beynəlxalq təşkilatlarda uğurlu iş apararaq bizə əl verən və həqiqəti əks etdirən qərar və qətnamələri qəbul etdirdik və bütün bu işlər bugünkü reallıq üçün hüquqi bazadır. Çünki bu gün biz düşməni torpağımızdan qovandan sonra heç kim bizə irad tuta bilməz. Çünki biz öz torpağımızda uğurlu əməliyyat aparmışıq, biz beynəlxalq hüququ pozmamışıq, müharibə qanunlarını pozmamışıq. Ədalətli müharibə aparmışıq və döyüş meydanında düşməni məğlub etmişik.
Digər önəmli amil gənc nəslin tərbiyəsi ilə bağlı idi. Çox yaxşı başa düşürdük ki, əgər bizim silahımız da, sursatımız da olsa, iqtisadiyyatımız da güclü olsa, beynəlxalq müstəvidə də uğur qazansaq, əgər bizim vətəndaşlar torpaq uğrunda, Vətən uğrunda öz gücünü göstərməsələr, qalan amillərin heç bir əhəmiyyəti olmayacaq. Tərbiyə işlərinə çox böyük fikir verərək gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdik. İmkan vermədik ki, işğalla bağlı olan tarix unudulsun. Qarabağı unutmadıq, əksinə, hər bir kürsüdən bu məsələ ilə bağlı istər ölkə daxilindəki tədbirlərdə, istər beynəlxalq tədbirlərdə daim bu mövzu birinci nömrəli mövzu idi. Gənclər vətənpərvərlik ruhunda yetişərək öz canlarını fəda edib öz qanı bahasına düşmənin əlindən bizim müqəddəs torpaqlarımızı ala bildilər. Bütün bu faktorların vəhdəti bizim Qələbəmizi şərtləndirdi.
Bir daha demək istəyirəm, açıq-aydın görünürdü ki, düşmən öz xoşu ilə torpağımızdan çıxmaq istəmir, daha da azğınlaşır və Azərbaycan xalqının heysiyyətinə toxunmaq üçün qəbuledilməz addımlar atır və bəyanatlar verir. “Qarabağ Ermənistandır” deməklə Ermənistan təkcə danışıqlar prosesinə son qoymadı, eyni zamanda, bu, bizim üçün təhqir idi. Bizim üçün müqəddəs olan, Qarabağın tacı olan Şuşada saxta andiçmə mərasimi keçirmək bizim üçün təhqir idi. O şeytan yuvası, – harada ki, o tədbir keçirilmişdi- qəhrəman Azərbaycan Ordusu tərəfindən müharibə dövründə darmadağın edildi. Şuşaya qondarma qurumun qondarma “parlamentinin” köçürülməsi bizə növbəti dəfə sataşmaq idi. Ermənistan bizi təkəbbürlə, yekəxanalıq göstərərək yeni işğalla hədələyirdi. Biz nə qədər dözməli idik? Kimsə onların dərsini verməli idi, ya yox? Bax, sizin simanızda minlərlə, on minlərlə Azərbaycan gənci, əsgəri, zabiti sinəsini qabağa verərək düşmənə öz yerini göstərdi, düşməni elə vəziyyətə saldı ki, o vəziyyətdən o, əbədi çıxa bilməyəcək. Artıq o, məğlubedilmiş xalq və dövlət damğası ilə əbədi yaşayacaq.
Hər il işğal dövründə düşmən bizim üçün müqəddəs olan Şuşada may ayında Şuşanın işğalını bayram edirdi. May ayında bu il bax burada, Cıdır düzündə “Xarıbülbül” festivalı keçirildi, muğam səsləndi. Avqust ayında Vaqif Poeziya Günləri keçirildi, Vaqifin və digər dahi şairlərimizin şeirləri səsləndi. Artıq bu torpaqlarda, bu səmada bu torpaq üçün, bu səma üçün yad dildə nə mahnı eşidiləcək, nə başqa bir yersiz bəyanat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub. Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Bax, budur reallıq. Bunu biz əldə etmişik. Bütün beynəlxalq təzyiqlərə rəğmən, bütün hədə-qorxulara rəğmən, xalqımız yumruq kimi birləşdi, Ordunun arxasında dayandı və biz bu tarixi, şərəfli missiyanı yerinə yetirdik. 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmamışıq. Ermənistan ordusunda 10 min fərari ola-ola, Azərbaycan Ordusunda bir nəfər də döyüş meydanından qaçmırdı. Bax, budur bizim milli ruhumuz, budur Azərbaycan ruhu.
Ermənistan işğal dövründə öz ordusu haqqında, guya döyüşkən əsgərləri haqqında mifologiya uydururdu: “yenilməz Ermənistan ordusu”. Bəs hanı bu yenilməz ordu, Ermənistan ordusu? Pərən-pərən oldu, biz bunları cəmi 44 gün ərzində pərən-pərən saldıq. İmdad diləmişdilər, diz çökmüşdülər. Bizim şərtlərimizi qəbul edərək, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzalayaraq bizim qabağımızda ağ bayraq qaldırdılar.
Biz bütün dünyaya göstərdik ki, kim kimdir. Bütün dünyaya göstərdik ki, biz böyük xalqıq. Xalqımızın böyüklüyünü müharibə dövründə və müharibədən sonrakı bir il ərzində göstərdik. Ermənilər bütün şəhərlərimizi yerlə-yeksan etdilər. Bu yerlərə səfər edən Azərbaycan vətəndaşları, xarici vətəndaşlar gedirlər, məəttəl qalırlar, dəhşətə gəlirlər ki, bu dərəcədə vandallıq ola bilərmi? Bu dərəcədə nifrət ola bilərmi? Bu dərəcədə barbarlıq ola bilərmi? Bunu işğal dövründə ermənilər törədiblər. Bütün binaları sökərək, talayaraq, hətta qəbir daşlarını Ermənistana apararaq bu vəhşiliyi törətdilər. Biz isə müharibə dövründə müharibə qanunlarına riayət etdik, müharibə qanunlarını pozmadıq, özümüzü ləyaqətlə apardıq, necə ki, həyatda və siyasətdə özümüzü ləyaqətlə aparırıq.
Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir.
Əziz dostlar, əziz Azərbaycan xalqı. Mən sizi bu şanlı bayram münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan Ordusuna yeni qələbələr, Azərbaycan xalqına yeni uğurlar arzulayıram.
Eşq olsun Azərbaycan Ordusuna, eşq olsun Azərbaycan xalqına. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!.