Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
COP29-un keçirilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edən Litva Prezidenti bu tədbirə dəvətə görə təşəkkürünü bildirib və Bakıda COP29 çərçivəsində dövlətimizin başçısı ilə görüşəcəklərini vurğulayıb.
Gitanas Nauseda Azərbaycana rəsmi səfərini və səfər zamanı müzakirə olunmuş məsələləri məmnunluqla xatırlayıb.
Söhbət zamanı regional sülh gündəliyi və Azərbaycan-Avropa İttifaqı əlaqələri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Böyük Britaniya tərəfinin Münxen Təhlükəsizlik Konfransı formatında olduğu kimi, Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi barədə təklifinin Ermənistan tərəfindən müsbət cavablandırılmaması çox böyük təəssüf hissi ilə vurğulanıb.