Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşüb.
Görüşdə Finlandiya Prezidenti ATƏT-in fəaliyyətdə olan sədri qismində regiona səfərini və bu yaxınlarda dövlətimizin başçısı ilə telefon danışığını məmnunluqla xatırlayıb, bu telefon danışığı əsnasında müzakirə olunan məsələləri qeyd edib.
Söhbət zamanı Azərbaycanla Finlandiya arasında ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar məsələlərə toxunulub.
Dövlətimizin başçısı sülh gündəliyinin irəli aparılması və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsinin vacibliyini bir daha vurğulayıb.
Görüşdə Avropanın enerji təhlükəsizliyi məsələləri müzakirə olunub.
Finlandiya Prezidenti böyükmiqyaslı tədbir olan COP29-un ölkəmizdə keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib. Aleksandr Stubb bu tədbirdə məmnuniyyətlə iştirak edəcəyini deyərək, onun təşkilində Azərbaycana uğurlar arzulayıb.
Söhbət zamanı Münxen Təhlükəsizlik Konfransı formatında olduğu kimi, Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi barədə Böyük Britaniyanın təklifinin Ermənistan tərəfindən müsbət cavablandırılmamasının təəccüb doğurduğu bildirilib, bunun başadüşülən olmadığı çox böyük təəssüflə qeyd edilib.