AZƏRBAYCAN PREZİDENTİ: BİZ CƏNUB QAZ DƏHLİZİNİN HƏYATA KEÇİRİLMƏSİNİN HƏR DÖRD SEQMENTİNDƏ İŞTİRAK ETMİŞİK

Cənub Qaz Dəhlizi layihəsinin dəyəri ilkin olaraq dəyər 44,6 milyard dollar olaraq hesablanmışdı. Lakin, səmərəli idarəçilik və düzgün planlaşdırma nəticəsində onun dəyəri 33 milyard dollara enib. Bunun özü əhəmiyyətli bir nailiyyətdir. Çünki adətən tikinti layihələrinin icrası zamanı dəyər azalmır, əksinə, artır. Azərbaycan layihəyə 10 milyard dollar həcmində əhəmiyyətli maliyyə töhfəsi verib və biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin hər 4 seqmentində – “Şahdəniz”, Cənub Qafqaz boru kəməri, TANAP və TAP-da iştirak etmişik.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında danışıb.

Azərbaycanın tərəfdaşlarına bəzi mühüm tarixi nailiyyətləri xatırladan dövlətimizin başçısı deyib: “1994-cü il bizim bütün nəhəng layihələrimiz üçün başlanğıc nöqtəsi hesab oluna bilər. 1996-cı ildə Azərbaycan və beynəlxalq enerji şirkətlərindən ibarət konsorsium “Şahdəniz” yatağı ilə bağlı müqavilə imzalamışdır. Hazırda həmin yataq Cənub Qaz Dəhlizinin yeganə təbii ehtiyat mənbəyidir. Ancaq əminəm ki, digər yataqlardan da əlavə qaz həcmləri olacaqdır. 1997-ci ildə xarici şirkətlər tərəfindən Xəzərdə ilk neftin hasil edilməsi reallığa çevrilmişdir. Azərbaycan Xəzər dənizində fəaliyyət göstərmək üçün xarici neft şirkətlərini dəvət edən ilk ölkə olmuşdur. Daha sonra 1999-cu ildə biz Bakıdan Gürcüstanın Supsa liman şəhərinədək uzanan boru kəmərini istifadəyə verdik. Bu, gələcək sərmayə qoyuluşu baxımından çox vacib idi. Çünki buna qədər bizim dünya bazarına çıxışımız yox idi. Azərbaycan dənizə çıxışı olmayan ölkədir. Bu səbəbdən bizim boru kəmərlərinə ehtiyacımız var idi və beləliklə, 1999-cu ildəki nailiyyətimiz əhəmiyyətli dəyişiklik yaratdı”.

Prezident qeyd edib ki, daha sonra 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri ilə bağlı işlərin planlaşdırılmasına başlandı. “Bu, Xəzər dənizinin Aralıq dənizi ilə birləşdirilməsi demək idi. Biz artıq təchizat marşrutlarının şaxələndirilməsinə nail olduq. 2007-ci ildə biz Azərbaycandan Gürcüstana, oradan isə Türkiyəyə uzanan qaz boru kəmərinin inşasını başa çatdırdıq. Bunun özü də tarixdə bir ilk idi – Azərbaycan qonşu ölkələri təbii qaz ilə təmin etməyə başladı. Nəhayət, 2012-ci ildə, Avropa İttifaqı ilə bəyanatın imzalanmasından bir il sonra, biz Azərbaycan və Türkiyə arasında TANAP layihəsinin inşası ilə bağlı müqavilə imzaladıq. Bu, Cənub Qaz Dəhlizinin həyata keçirilməsi baxımından çox mühüm hadisə idi. 2018-ci ildə TANAP-ın icrası başa çatdıqdan sonra, 2020-ci ildə TAP layihəsi də yekunlaşdırılmışdır”, – deyə dövlətimizin başçısı diqqətə çatdırıb.