Azərbaycanla Pakistan arasında qarşılıqlı anlaşma Memorandumu çərçivəsində İslamabad və Bakı qardaş ölkənin paytaxtının abadlaşdırılması üzrə səylərini birləşdirib.
Bu barədə Pakistanın ingilis dilində nəşr olunan nüfuzlu gündəlik “The Nation” qəzeti iyulun 19-da dərc etdiyi məqaləsində yazır.
Nəşr qeyd edir ki, qarşıdan gələn abadlıq və yenidənqurma işləri Pakistanın Paytaxtın İnkişafı İdarəsinin (CDA) rəhbəri Muhammed Ali Randhava ilə Bakıdan olan bağçılıq və landşaft dizaynı üzrə ekspertlərdən ibarət nümayəndə heyəti arasında keçirilən görüşdə müzakirə olunub. Birinci mərhələdə Azərbaycandan olan mütəxəssislər dörd obyektin – ölkənin ən böyük Şrinaqar şosesi, mərkəzi Şəkərparian şəhər meydanı, paytaxtın yaxınlığındakı tarixi Səidpur kəndi və piyadalar üçün nəzərdə tutulmuş ərazi – restoranlar, yemək meydançaları və mağazalar üçün nəzərdə tutulmuş məşhur Melodiya Qida Parkının abadlaşdırılması və rekonstruksiyası işlərində iştirak edəcəklər.