AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli Pakistan Ədəbiyyat Akademiyasının keçirdiyi onlayn beynəlxalq seminarda iştirak edib.
Bu barədə AMEA-dan bildirilib. Qeyd olunub ki, Pakistanın müstəqilliyinin 74-cü ildönümünün qeyd edilməsi çərçivəsində keçirilən seminara Azərbaycan, Türkiyə, ABŞ, İran, Böyük Britaniya, Almaniya, Braziliya, Hindistan, Ukrayna, Rusiya və digər ölkələrdən mütəxəssislər qatılıb.
Tədbirdə E.Mədətli “Azərbaycan-Pakistan mədəni-ədəbi əlaqələri: orta əsrlərdən günümüzədək” mövzusunda məruzə ilə çıxış edib. Alim bu əlaqələrin uğurla inkişaf etdirilməsində Fəlsəfə və Sosiologiya İnstitutu və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun tədqiqatçılarının səmərəli fəaliyyətini vurğulayıb, bu sahədə ölkəmizdə həyata keçirilən tədbirlərdən danışıb. O, Azərbaycan Yazıçılar Birliyinin “Dünya ədəbiyyatı” jurnalının son sayının Pakistan ədəbiyyatına həsr edildiyini, Pakistanın ölkəmizə Vətən müharibəsində göstərdiyi mənəvi-siyasi dəstəyin simvolu kimi jurnalda Pakistanın 44 tanınmış yazıçısının təmsil olunduğunu söyləyib, jurnalın elmi məsləhətçisi olaraq bu nəşrin xalqlarımızın ədəbi əlaqələrinə əhəmiyyətli töhfə verdiyini bildirib.
Daha sonra Pakistan Ədəbiyyat Akademiyasının sədri professor Yusuf Xuşk AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli tərəfindən Azərbaycana dəvət edildiyini və tezliklə Bakıya gələcəyini vurğulayıb, həmçinin ölkəmizlə ədəbi əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.