AZƏRBAYCAN-PAKİSTAN ƏLAQƏLƏRİNİN DİNAMİK İNKİŞAFI GEOSİYASİ TƏHDİDLƏRİ NEYTRALLAŞDIRIR

Azərbaycanın strateji tərəfdaşlarından olan Pakistan İslam Respublikasının Qarabağ münaqişəsi ilə bağlı 30 ildən çox müddətdə nümayiş etdirdiyi ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqe ölkələrimiz arasında münasibətlərin yüksək dinamizmlə inkişafına təkan verib. İkinci Qarabağ müharibəsindən sonra ölkələrimiz arasında daha da intensivləşən təmaslar münasibətlərin strateji müttəfiqlik istiqamətində inkişafına zəmin yaradıb.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana dövlət səfəri, Prezident İlham Əliyev ilə təkbətək və geniş tərkibdə görüşləri, aparılan müzakirələr və imzalanan rəsmi sənədlər münasibətlərin strateji müstəvidə inkişafının əyani təcəsümüdür. Dövlət səfəri çərçivəsində əldə olunan razılaşmaların, imzalanmış rəsmi sənədlərin ölkələrimiz arasında ticarət, investisiya, kommunikasiya, enerji və müdafiə sənayesi sahələrində çoxşaxəli əməkdaşlığının dərinləşməsinə təkan verəcəyi şübhəsizdir.

Postkonflikt dövründə Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatları regiondakı yeni geosiyasi reallıqlarla tanış etmək, ölkəmizin haqlı, ədalətli yanaşmasını, sülh və sabitlikdə maraqlı olmasını onlara obyektiv şəkildə çatdırmaq rəsmi Bakının əsas hədəflərindən birinə çevrilib. Bu kontekstdə müsəlman ölkələrini bir araya gətirən iqtisadi və siyasi yönümlü təşkilatlarla – İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla əməkdaşlıq ölkəmizin xarici siyasətində prioritet istiqamətlərdən birini təşkil edir.

Pakistanın bir sıra beynəlxalq təşkilatlarda, ümumən müsəlman dünyasında nüfuza və aparıcı mövqeyə malik olması, ölkəmizə müxtəlif məsələlərdə dəstək verməsi münasibətlərin strateji xarakter almasını təmin edib. Pakistanla sıx əməkdaşlıq Azərbaycana bu coğrafiyada maraq və mənafelərini təmin etmək, daha çox müsəlman dövlətinin dəstəyini qazanmaq imkanı yaradır. Hər iki ölkənin strateji tərəfdaşlıq əlaqələri, eyni zamanda, diplomatik sferada maraqların uzlaşdırılmasına imkanlar açır.

Müstəqil siyasət yürüdərək, dünyada sülhü, təhlükəsizliyi və əməkdaşlığı təşviq edən mühüm təşəbbüslərlə çıxış etməsi, hərbi-siyasi bloklara qoşulmaması, Qoşulmama Hərəkatı çərçivəsindəki təşəbbüsləri Azərbaycanın İslam ölkələri ilə münasibətlərində yeni səhifələr açır. Pakistan və Azərbaycan fəaliyyətlərini koordinasiya edərək beynəlxalaq təşkilatlarda bir-birinə siyasi dəstək verirlər. Məhz bu əməkdaşlığın nəticəsi olaraq qardaş Türkiyə ilə yanaşı, rəsmi İslamabad da Azərbaycanın 2024-cü il dekabrın 19-da İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) tamhüquqlü üzv olmasına ciddi dəstək verib.

Əsas məqsədi üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadi və sosial sahələrdə əlaqələri gücləndirmək olan D-8-ə üzv ölkələrdə 1,1 milyard insanın yaşaması, onların ümumi daxili məhsulunun 3,8 trilyon, ticarət həcminin 1,6 trilyon dollar (Dünya ticarətinin 4,5 faizi) civarında olması təşkilata üzvlüyün iqtisadi-siyasi əhəmiyyəti ilə bağlı dolğun təsəvvür yaradır. Prezident İlham Əliyev Türkiyə, İran və Misirin dövlət başçıları ilə yanaşı, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifə də məktub ünvanlayaraq, ölkəmizin təşkilata üzvlüyü üçün verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

Xatırlatmaq lazımdır ki, Pakistan Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yaradılmış xarici işlər nazirlərinin Təmas Qrupunun üzvü olub. 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsinin, 2017-ci ildə Pakistan Milli Assambleyasının Xarici İşlər Komitəsinin Xocalı Soyqırımını tanıyan, Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul etməsi ölkəmizə siyasi dəstəyin növbəti mühüm təzahürləri olub.

Pakistanın İkinci Qarabağ müharibəsinin gedişi zamanı və sonrakı mərhələdə ölkəmizə verdiyi siyasi-mənəvi dəstək rəsmi Bakı tərəfindən yüksək dəyərləndirilir. Rəsmi İslamabadın qlobal informasiya savaşında dəstəyi də xüsusi qeyd olunmalıdır. Türkiyə ilə yanaşı, Pakistan işğalçı Ermənistanla bu günədək diplomatik əlaqələr qurmayıb. Öz növbəsində rəsmi Bakı Cammu və Kəşmir problemi ilə bağlı Hindistanla Pakistan arasında uzun illərdir ki, davam edən hərbi-siyasi münaqişədə rəsmi İslamadın haqlı mövqeyini dəstəkləyir.

İki ölkə arasında hərbi əməkdaşlıq Pakistanın ciddi müdafiə sənayesi potensialına, eləcə də strateji nüvə silahına malik olması ilə şərtlənir. 2002-ci ildə imzalanmış “Müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında saziş”də hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Hərbi əməkdaşlıq 2005-ci ildə imzalanmış strateji çərçivə sazişindən sonra daha dinamik inkişaf edib. Pakistan Azərbaycana müxtəlif müdafiə sənayesi məhsulları təklif edən müttəfiq ölkələrdəndir. 2015-ci ildə iki ölkə arasında Strateji əməkdaşlıq haqqında Bəyannamənin imzalanması təhlükəsizlik, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığa yeni təkan verib.  Azərbaycan ötən il Pakistandan JF-17C Blok 3 qırıcıları alıb və hərbi təyyarələr sentyabrın 25-də Prezident İlham Əliyevə təqdim olunub. Qırıcılar Pakistan və Çinin birgə istehsalıdır və analoji hərbi təyyarələrin sonuncu modifikasiyasıdır.

Pakistanın Türkiyə ilə müttəfiqlik münasibətlərinin mövcudluğu üçtərəfli formatda siyasi-hərbi əməkdaşlıq üçün imkanlar açıb. Azərbaycan, Türkiyə və Pakistanın dövlət qurumları, o cümlədən müdafiə və xarici işlər nazirlikləri arasında çevik münasibətlər qurulub. Pakistan, Türkiyə və Azərbaycan yerləşdikləri bölgələrdə sülhün, sabitliyin, tərəqqinin təşviqi, üzləşdikləri qlobal təhdidlərə – terrorçuluğa, islamafobiyaya, müsəlman azlıqların təqibinə, kibercinayətkarlığa, hibrid müharibəyə qarşı mübarizə sahələrində səylərini əlaqələndirdiklərini bəyan ediblər.

Pakistan şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində abadlıq və quruculuq işlərində yaxından iştirakının təmini ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından yeni üfüqlər açır. Eyni zamanda, Pakistan Azərbaycanın tranzit-kommunikasiya imkanlarından istifadə etməklə, Qərbə və Türkiyəyə alternativ çıxış imkanlarını genişləndirmək niyyətindədir.

MTM Analitik Qrup