AZƏRBAYCAN ORDUSUNUN HƏRBİ QULLUQÇULARI TÜRKİYƏDƏ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR

Türkiyə Respublikası Milli Müdafiə Universitetində 10-cu Beynəlxalq müasir peyk texnologiyaları üzrə konfrans (RAST 2023) keçirilib.

Konfransda əsasən peyk texnologiyaları, pilotsuz uçuş aparatları, müxtəlif təyinatlı dronlar, raketlər, peyk görüntülərindən istifadə edərək məsafədən ayırdetmə və fotoqrammetriya, həmçinin aerokosmik sahədə süni intellektin perspektivləri müzakirə edilib və elmi araşdırmalar təqdim olunub.

Konfransda Türkiyə Milli Müdafiə Universitetində peyk texnologiyaları üzrə təhsil alan Azərbaycan Ordusunun zabitləri ilk dəfə iştirak ediblər. Zabitlərimizdən Ramil Səfərov “Peyk görüntülərindən istifadə edərək məsafədən ayırdetmə və coğrafi informasiya sistemləri ilə Xəzər dənizinin sahil xəttinin dəyişilməsinin tədqiq olunması”, Pərvin Cümşüdlü isə “Təhsil və təcrübə məqsədli yüksək məsafəli ECubeSat kub peyki” mövzularında məqalələrlə çıxış ediblər.