AZƏRBAYCAN ORDUSUNUN ERMƏNİLƏRİN TƏXRİBATINA QARŞI “QİSAS” ƏMƏLİYYATI YAPONİYA MƏTBUATININ DİQQƏTİNDƏDİR

Azərbaycan Ordusunun bir əsgərinin ermənilərin Qarabağda törətdiyi növbəti təxribat nəticəsində şəhid olması və buna cavab olaraq keçirilən “Qisas” əməliyyatı Yaponiya KİV-in də diqqətindədir.

Mövzu ilə əlaqədar “ajmedia.jp” portalının və “news.yahoo.co.jp” saytının yaydığı materiallarda AZƏRTAC-a istinadla Azərbaycanın haqlı mövqeyi barədə yapon oxuculara məlumat verilir. Diqqətə çatdırılır ki, avqustun 3-də erməni silahlı dəstələrinin törətdiyi növbəti təxribata cavab olaraq, Azərbaycan Ordusu “Qisas” cavab əməliyyatı keçirib. Həmin əməliyyat nəticəsində Qırxqız yüksəkliyi, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb. Həmçinin PUA-lar vasitəsilə endirilən zərbələr nəticəsində qanunsuz erməni silahlıları məhv edilib və yaralanıb. Əməliyyat zamanı bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Vurğulanır ki, Azərbaycan haqlı olaraq qanunsuz erməni silahlı dəstələrinin öz ərazisindən çıxarılmasını tələb edir. Azərbaycan tərəfinin Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi, bunun beynəlxalq vasitəçilərin fəaliyyətinə hörmətsizlik olduğu qeyd edilir.