
Azərbaycan Silahlı Qüvvələrinin son onilliklərdə keçdiyi yol, əldə etdiyi təcrübə, ümumən yüksək döyüş qabiliyyəti bu gün dünya miqyasında etiraf, həm də dərindən tədqiq edilir. İlk növbədə o baxımdan ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də iki il öncə baş tutan birgünlük antiterror əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələri unikal xarakterə malik peşəkarlıq nümayiş etdirdi, savaşın bir çox qaydalarını yenidən yazdı. Lakin ölkəmiz bu nailiyyətlərlə kifayətlənmir, dünyada, xüsusən də yaxın coğrafiyada artan gərginliklər fonunda ordusunun, digər Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin, maddi-texniki təminat səviyyəsinin yüksəlməsinə davamlı diqqət edir, müvafiq fəaliyyət həyata keçirilir. Bunu Prezident İlham Əliyevin NATO nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlər kontekstində bir daha görmək mümkündür.
Dövlət başçısı öncə Azərbaycanla-NATO arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, nümayəndə heyətinin səfərinin bu prosesə yeni töhfələr verəcəyinə ümidvar olduğunu bildirdi. Eyni zamanda Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə Ordusu ilə sıx əməkdaşlığı vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın ötən əsrin əvvəllərində müstəqilliyini qazandıqdan bəri əsas məqsədimizə çatdığımızı – torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayaraq qeyd etdi ki, ordumuzun müasirləşdirilməsi prosesi bundan sonra da davam edəcək. Bütün bunlar o deməkdir ki, Azərbaycan Ordusunun qüdrəti, döyüş qabiliyyəti qarşıdakı dövr ərzində də yüksəlmə tempini, intensivliyini qoruyacaq. Bu, həm də anti-Azərbaycan mövqedə olanlar üçün bir xəbərdarlıq mesajıdır.
Xatırlatmaq lazım gəlir ki, Azərbaycanın NATO ilə münasibətləri 1994-cü ildə ölkəmizin “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulması ilə yeni mərhələyə qədəm qoydu. Həmin proqram çərçivəsində Azərbaycan Ordusunda struktur, idarəetmə, təlim-tədris və logistik sistemin təkmilləşdirilməsi istiqamətində addımlar atıldı. Bu əməkdaşlıq yalnız hərbi sahədə deyil, eyni zamanda müdafiə planlaşdırılması, mülki-hərbi münasibətlər və hərbi etik normaların formalaşması sahələrində də öz təsirini göstərdi. Bu gün də Azərbaycan Silahlı Qüvvələrinin çoxsaylı zabit və hərbi mütəxəssisləri Türkiyə, ABŞ, Böyük Britaniya və digər NATO ölkələrinin hərbi akademiyalarında təhsil alır, beynəlxalq təlimlərdə iştirak edirlər. Bu, təkcə nəzəri biliklərin deyil, həm də müasir döyüş əməliyyatlarının aparılması təcrübəsinin ölkəmizə gətirilməsinə şərait yaradır.
Elə bu günlərdə Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində “Quru qoşunları qərargahı, hissə və bölmələrinin döyüşə hazır olmasının qiymətləndirilməsi (CREVAL)” kursu keçirilib. Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində keçirilən tədbirdə NATO və tərəfdaş ölkələrin bu sahə üzrə hərbi qulluqçuları iştirak ediblər. Kursun məqsədi, Alyansın Ortaq Qüvvələr Birliyinə bəyan edilən hissə və bölmələrinin qiymətləndirilməsi üçün hərbi qulluqçuları sertifikatlaşdırmaqdır. Tədbirə NATO-ya üzv və tərəfdaş ölkələrdən ümumilikdə 39-dək nümayəndə qatılıb.
Sözügedın alyansla əlaqələrə gəlincə, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı bu sahədə xüsusi əhəmiyyət daşıyır. Türkiyə Silahlı Qüvvələri NATO-nun tamhüquqlu üzvü kimi Azərbaycan Ordusunun struktur və taktiki modernləşməsində mühüm rol oynayıb. İki ölkə arasında keçirilən müxtəlif birgə təlimlər Azərbaycan hərbçilərinin NATO standartlı komanda idarəetmə sisteminə uyğunlaşmasını sürətləndirib. Bundan əlavə, Türkiyə modelinə əsaslanan ordu nizamnamələri, hərbi tədris proqramları və taktiki hazırlıq qaydaları Azərbaycan Silahlı Qüvvələrində uğurla tətbiq olunur.
Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşması təkcə taktiki və texniki səviyyədə deyil, həm də idarəetmə və qərar qəbuletmə sistemlərində özünü göstərir. Elə bu kontekstdə də Müdafiə Nazirliyində müasir idarəetmə strukturu formalaşdırılıb, qərargah planlaşdırması və əməliyyat idarəçiliyi NATO-nun müvafiq mexanizminə uyğunlaşdırılıb. Bu sistem ordunun çevikliyini artırmaqla yanaşı, beynəlxalq əməliyyatlara inteqrasiyanı da asanlaşdırır.
Azərbaycanın NATO ilə əməkdaşlığında mühüm məqam humanitar və sülhməramlı fəaliyyətin inkişafıdır. Azərbaycan hərbçiləri 2002-ci ildən başlayaraq Əfqanıstan, Kosovо və İraqda NATO missiyalarında uğurla xidmət göstəriblər. Eyni zamanda, Azərbaycan Ordusunda texniki modernləşmə də NATO standartlarına uyğunlaşdırılır. Müasir rabitə vasitələri, kəşfiyyat texnologiyaları, pilotsuz uçuş aparatları, artilleriya idarəetmə sistemləri və zirehli texnika sahəsində aparılan yeniliklər hərbi əməliyyatların effektivliyini artırır. Bu texnologiyaların inteqrasiyası ilə yanaşı, hərbi personalın informasiya təhlükəsizliyi, logistika və koordinasiya sahəsində təlimləri də NATO metodologiyasına əsaslanır.
Qarabağ savaşının ikinci mərhələsində – 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı parlaq qələbə göstərdi ki, bu illər ərzində həyata keçirilən NATO uyğunlaşdırma prosesi öz bəhrəsini verdi. Müasir idarəetmə sistemi, yüksək dəqiqlikli silahların istifadəsi, real vaxtda kəşfiyyat məlumatlarının koordinasiyası və qoşunların inteqrasiya olunmuş fəaliyyəti məhz bu standartların tətbiqi nəticəsində mümkün oldu. Eyni zamanda öz təcrübəsində Azərbaycan bu standartları daha da zənginləşdirdi. Məhz bu səbəbdəndir ki, ordumuzun İkinci Qarabağ müharibəsindəki döyüş yolu NATO ölkələrində də diqqətlə öyrənilir. Azərbaycan özü isə qəbul edir ki, NATO standartlarına uyğunlaşma davamlı və dinamik prosesdir. Qarşıda duran əsas vəzifələrdən biri müdafiə sənayesinin modernləşdirilməsi, yerli istehsalın artırılması və müdafiə innovasiyalarının tətbiqidir. Azərbaycan bu istiqamətdə Türkiyə, İsrail, Pakistan və digər müttəfiq dövlətlərlə əməkdaşlığı gücləndirir. Bu, ordunun həm müstəqil, həm də müttəfiqlik çərçivəsində döyüş qabiliyyətini artırır.
Bütün bunları şərtləndirən səbəblərdən biri də odur ki, Azərbaycan bu gün təkcə öz ərazilərində deyil, həm də lideri olduğu Cənubi Qafqazda hadisələrin milli maraqlarına zidd müstəvidə mümkün inkişaf ssenarilərinə daim hazırlıqlı olmaq məcburiyyətindədir. Eyni zamanda regionun digər ölkələrinin də perspektivdə təhlükəsizliklərini daha çox Azərbaycana həvalə edəcəkləri qaçılmaz proses kimi görünür. Başqa sözlə, peşəkar və çevik Azərbaycan Ordusu bu gün təkcə ölkənin müdafiə dayağı deyil, eyni zamanda Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısına çevrilməkdədir. Şübhəsiz ki, ordumuzun artan qüdrəti fonunda Azərbaycanın regional sabitliyə və beynəlxalq təhlükəsizliyə verdiyi töhfələr bundan sonra da yüksəlməkdə davam edəcək.
MTM Analitik Qrup
