AZƏRBAYCAN ORDUSUNDA ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLİB

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səslədirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Sonra Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandanlığı gənc əsgərləri hərbi andı qəbul etmələri münasibəti ilə təbrik edib, xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar.