AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ OLİMPİYA KOMİTƏLƏRİ ASSOSİASİYASININ BAŞ ASSAMBLEYASINDA İŞTİRAK EDİB

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) XXV Baş Assambleyasında iştirak edib.

MOK-dan bildiriblər ki, tədbirdə ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Bağırov və marketinq şöbəsinin müdiri Mehman Kərimov təmsil ediblər.

MOKA-nın XXV Baş Assambleyasında bir sıra mühüm məsələlər müzakirə olunub. MOKA komissiyalarının 2017-2020-ci illər Olimpiya dövrü üçün hesabatları dinlənilib və qənaətbəxş qiymətləndirilib. Həmçinin 2021-2024-cü illər Olimpiya dövrü üçün MOKA-nın strateji planı, 2023-cü ildə MOKA-nın II Dünya Çimərlik Oyunlarının İndoneziyada təşkilinə dair təklif də iclas iştirakçılarının müsbət rəyini alıb. “Tokio-2020” Olimpiya Oyunlarında fərdi və komanda hesabında fərqlənmiş qadın və kişi idmançılar, həmçinin ötən dövrdə Olimpiya hərəkatınin inkişafına mühüm töhfə verən və fəallığı ilə seçilən Milli Olimpiya komitələri MOKA-nın xüsusi mükafatları ilə təltif olunub. İclasda futbol üzrə dünya çempionatının iki ildən bir keçirilməsi təklifi kəskin tənqid edilib. Bundan başqa, MOKA Əfqanıstandan olan idmançıların təxliyəsi və onlara lazımi dəstək göstərilməsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxa çağırış edib.

Baş Assambleya çərçivəsində Azərbaycan nümayəndə heyəti BOK-un Olimpiya Həmrəyliyi Fondu ilə MOK-un 2021-2024-cü illərdə həyata keçirməyi planlaşdırdıqları bir sıra mühüm və genişmiqyaslı layihələri müzakirə edib. Olimpiya mədəniyyəti və təhsil proqramının, rəqəmsal kommunikasiya və sosial media üzrə regional seminarın keçirilməsi məsələlərini də müzakirə edən nümayəndə heyəti televiziya marketinq xidmətləri, Olimpiya Oyunlarına bilet satışı, qonaqlama və lisenziya xidməti mövzusunda BOK-un təqdim etdiyi təkliflərə dair də fikir mübadiləsi aparıb.