AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ GÜRCÜSTANDA KEÇİRİLƏN REGİONAL KONFRANSDA İŞTİRAK EDİR

Gürcüstanın paytaxtı Tbilisidə Şərq Tərəfdaşlığı (ŞT) regionunda Dayanıqlı İstilik və Enerji Səmərəliliyi üzrə Regional Konfransı keçirilir.

Konfransda ŞT-nin Milli Enerji Tənzimləmə Orqanları, müvafiq nazirliklər və rayon istilik orqanları/ şirkətlərinin enerji sektorunda maraqlı tərəflərinin nümayəndələri iştirak edirlər.

Bildirilib ki, konfransın keçirilməsində məqsəd 5 Şərq Tərəfdaşlığı ölkəsinin (Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna) davamlı isitmə və soyutma üzrə potensialını artırmaqdır. İki gün davam edəcək tədbir çərçivəsində interaktiv seminar keçiriləcək.

Seminarda ölkələrin hazırladığı strategiyalar, fəaliyyət planları, texniki və maliyyə modernləşdirilməsi, bərpa olunan mənbələrdən istifadənin və enerji səmərəliliyinin artırılması, iqlim məqsədlərinə və davamlılığa töhfə vermək, təcrübə, problemlər və imkanların mübadiləsi məsələləri müzakirə olunacaq.

Bundan əlavə, iştirakçılar avropalı ekspertlərdən prioritetlər, siyasət və tənzimləmə yenilikləri, eləcə də, istilik və soyutma sektorunda enerji keçidi və iqlim məqsədlərinə nail olunmasına töhfə vermək üçün Avropada yanaşmalar və təcrübələr haqqında məlumat alacaqlar.

Konfransda Azərbaycan nümayəndə heyəti də iştirak edir. Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizdə istilik təchizatı, enerji səmərəliliyinin artırılması və digər sahələrdə həyata keçirilən islahatlar, qəbul edilmiş dövlət proqramları barədə məlumat verəcəklər.