AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ G20 DİNLƏRARASI FORUMUNDA İŞTİRAK EDİB

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov avqustun 19-22-də Braziliya Federativ Respublikasında keçirilən G20 Dinlərarası Forumunda iştirak edib.

BBMM-in mətbuat xidmətindən bildirilib ki, Rəvan Həsənov “Heç kimi unutmayın: insanlar və planet üçün tərəfdaşlıq” mövzusuna həsr olunan Forumun açılış mərasimində və panel müzakirələrinə qatılıb. Dini sahədə qlobal məsələlərin müzakirə olunduğu Forumun gündəliyi dayanıqlı inkişaf, yoxsulluq və bərabərsizliklə mübarizə, qlobal idarəetmə islahatları, münaqişələrin həlli, qlobal iqtisadi məsələlər, ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi ilə bağlı mövzuları əhatə edib. Forumda Rəvan Həsənovun məruzəsi “Dini savadlılığın araşdırılması” panelinin gündəliyinə daxil olunub.

Rəvan Həsənov Forum çərçivəsində Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Yetmişlər Kvorumunun üzvü ağsaqqal Ahmed Salem Korbitt və G20 Dinlərarası Forumunun Prezidenti professor Kole Durhamla görüşüb. Görüşlərdə Azərbaycanın multikulturalizm siyasəti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verilib, qarşılıqlı əməkdaşlıq müzakirə olunub. Rəvan Həsənov Forum çərçivəsində G20 kanalına da müsahibə verib.

Qeyd edək ki, 2014-cü ildən etibarən hər il keçirilən G20 Dinlərarası Forumu dini məsələlərlə məşğul olan qurumlara və tədqiqat institutları şəbəkəsinə BMT-nin dayanıqlı inkişaf məqsədləri ilə bağlı müzakirə platforması təqdim edir.