AZƏRBAYCAN NATO PA-NIN SESSİYASINDA TƏMSİL OLUNACAQ

Oktyabrın 8-dən 11-dək Portuqaliyanın Lissabon şəhərində NATO Parlament Assambleyasının (PA) 67-ci illik sessiyası keçiriləcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, tədbirdə Milli Məclisin deputatı, ölkəmizin NATO PA-da nümayəndə heyətinin üzvü Kamran Bayramov iştirak edəcək.

Toplantıda “NATO-nun dezinformasiya və təbliğata qarşı demokratik dayanıqlığının gücləndirilməsi”, “Mülki hazırlıq vasitəsilə üzv olan dövlətlərdə cəmiyyətlərin dayanıqlığının genişləndirilməsi”, “Silahlanma üzərində beynəlxalq nəzarət: qarşıda duran çağırışlar”, “NATO-nun Asiya tərəfdaşları ilə elm və texnologiya sahəsində əməkdaşlığın dərinləşməsi” və digər mövzularda məruzələr dinləniləcək.

Tədbir iştirakçıları NATO-nun 2030-cu ilə qədər gündəliyi və strateji planları, müdafiə xərcləri və innovasiyalar, qurumun ötən dövrdə Əfqanıstandakı fəaliyyəti, Orta Şərq və Şimali Afrika regionlarında cərəyan edən hadisələr, iqlim dəyişikliyi ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Milli Məclisin deputatı müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcək, Azərbaycan tərəfinin mövqeyini səsləndirəcək.