Azərbaycan klassik musiqi mədəniyyətinin təbliği üçün Avstriyada təşkil olunmuş “Odlar Yurdunun sədaları” beynəlxalq musiqi müsabiqəsinin final mərhələsinin iştirakçıları müəyyənləşib.
Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Avstriyadakı səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilən müsabiqənin münsiflər heyəti final mərhələsinə vəsiqə qazanan musiqiçiləri müəyyənləşdirib.
Finalçılar arasında Almaniya, Cənubi Koreya, Çin, İspaniya, İsrail, Qazaxıstan, Rusiya, Ukrayna, Yaponiya, Yunanıstandan musiqiçilər yer alırlar. Müsabiqənin qaydalarına əsasən, mayın 21-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində baş tutacaq final mərhələsində hər bir iştirakçı öz repertuarına mütləq Azərbaycan bəstəkarlarının əsərlərini də daxil etməlidir. Azərbaycan bəstəkarlarının fortepiano üçün əsərlərinin not materialı müsabiqənin saytında yerləşdirilib. Final proqramına Azərbaycan bəstəkarlarının əsərlərinin əsas şərt kimi daxil edilməsi klassik Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanınmasına xidmət edir.
Qeyd edilməlidir ki, təşkilatın idarə heyəti, fəal üzvləri və Avstriyada yaşayan azərbaycanlı musiqiçi və musiqişünaslar beynəlxalq standartlara cavab verən peşəkar müsabiqənin hazırlanması üzərində ötən ildən ciddi iş aparıblar. Avstriyada yaşayan musiqiçilər Abuzər Manafzadə, Aria Torkanbouri, Jalə Rəsulova, musiqişünaslar Kəmalə Əhmədova və Fərəh Tahirova müsabiqənin jüri heyəti, Azərbaycan bəstəkarlarının əsərləri, tələb və qaydalarla bağlı bütün müvafiq işləri artıq yekunlaşdırıblar.
Müsabiqənin münsiflər heyətinin fəxri sədri professor Fərhad Bədəlbəylidir. Xalq artisti Yusif Eyvazov, Əməkdar artist İslam Manafov, əslən Bakıdan olan professor Oleq Marşev, professor Ştefan Möller, Mixael Şnak kimi nüfuzlu musiqiçilərin yer aldığı münsiflər heyəti mayın 21-də keçiriləcək final mərhələsində ən yaxşı ifaçıları müəyyənləşdirəcəklər. Müsabiqədə qalib gələn pianoçunun Azərbaycanda yerli orkestrlərlə birgə konserti nəzərdə tutulur.
Beynəlxalq müsabiqə barədə ətraflı məlumatı internet saytı vasitəsilə əldə etmək mümkündür: https://www.lofmc.com