Postkonflikt dövründə Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatları regiondakı yeni geosiyasi reallıqlarla tanış etmək, ölkəmizin haqlı, ədalətli yanaşmasını, sülh və sabitlikdə maraqlı olmasını onlara obyektiv şəkildə çatdırmaq rəsmi Bakının əsas hədəflərindən birinə çevrilib. Bu kontekstdə müsəlman ölkələrini bir araya gətirən iqtisadi və siyasi yönümlü təşkilatlarla – İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla əməkdaşlıq ölkəmizin xarici siyasətində prioritet istiqamətlərdən birini təşkil edir.
Müsəlman ölkələrinin uğurlu iqtisadi inteqrasiya modeli kimi özünü təsdiqləyən, beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik olan İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) dekabrın 19-da tamhüquqlü üzv olan respublikamız növbəti diplomatik uğura imza atıb. Məlumat üçün bildirək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan səkkiz İslam ölkəsini birləşdirir. 1996-cı il oktyabrın 22-də Türkiyənin o zamankı baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə yaradılmış təşkilat Türkiyə Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanı birləşdirir. Qurumun yaranması 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində rəsmən elan olunub.
Əsas məqsədi üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadi və sosial sahələrdə əlaqələri gücləndirmək olan D-8-ə üzv ölkələrdə 1,1 milyard insanın yaşaması, onların ümumi daxili məhsulunun 3,8 trilyon, ticarət həcminin 1,6 trilyon dollar (Dünya ticarətinin 4,5 faizi) civarında olması təşkilata üzvlüyün iqtisadi-siyasi əhəmiyyəti ilə bağlı dolğun təsəvvür yaradır. Təşkilat münaqişələr əvəzinə sülh, mübahisələr əvəzinə dialoq, ikili standartlar əvəzinə hüquq bərabərliyi, demokratiya və s. dəyərləri bölüşür və bunlar da Azərbaycanın beynəlxalq münasibətlər sistemində dəstəklədiyi əsas prinsiplərdir. Bundan əlavə, təşkilatın “2020-2030 D-8 10 illik Yol Xəritəsi” adlı sənədi üzv ölkələrin mərhələli şəkildə ticarət, kənd təsərrüfatı, qida təhlükəsizliyi, sənaye və digər sahələrdə əməkdaşlığının, ticarət əlaqələrinin dərinləşdirilməsini qarşıya mühüm vəzifələr kimi qoyub.
Xatırlatmaq lazımdır ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti və təşəbbüsü əsasında Prezident İlham Əliyev hələ 2017-ci il oktyabrın 20-də qurumun İstanbulda “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında keçirilən IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirak və çıxış edib. Sonrakı mərhələdə rəsmi Ankara diplomatik səylərini davam etdirərək Azərbaycanın təşkilata üzvlüyünün əhəmiyyətini diqqətə çəkib və nəhayət, bu məsələdə tərəddüdlü mövqe nümayiş etdirən yeganə dövlət olan Misir üzvlüyümüzü dəstəkləyib.
Azərbaycanın D-8 ölkələrinin böyük əksəriyyəti ilə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin mövcudluğu ölkəmizin təşkilata üzvlüyü və fəaliyyəti baxımından mühüm perspektivlər vəd edir. Müstəqil siyasət yürüdərək, dünyada sülhü, təhlükəsizliyi və əməkdaşlığı təşviq edən mühüm təşəbbüslərlə çıxış etməsi, hərbi-siyasi bloklara qoşulmaması Azərbaycanın müsəlman ölkələri ilə münasibətlərində yeni səhifələr açır.
Rəsmi Bakı son 20 ildə müsəlman dövlətlərinin siyasi, iqtisadi və mədəni inteqrasiyasının sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarından olub. Respublikamızın həyata keçirdiyi tədbirlər təkcə müsəlman ölkələrinin yerləşdiyi coğrafiyada deyil, daha qlobal arenada iqtisadi tərəqqi, sabitlik və təhlükəsizliyin təminatına xidmət edib.
Prezident İlham Əliyev Türkiyə, İran, Pakistan və Misirin dövlət və hökumət başçılarına məktublar ünvanlayaraq üzvlük məsələsində Azərbaycana dəstək verdikləri üçün təşəkkürünü bildirib. Dövlət başçısının türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubunda xüsusi qeyd edilir ki, 28 il bundan əvvəl Türkiyənin təşəbbüsü və liderliyi ilə yaradılmış təşkilat hazırda inkişaf etməkdə olan ölkələrin dünya iqtisadiyyatı daxilində rolunun artması, iqtisadi-ticari əlaqələrinin şaxələndirilməsi, yeni imkanların yaradılması və beynəlxalq səviyyədə mövqelərinin güclənməsi istiqamətində səmərəli fəaliyyət göstərməkdədir: “Qahirədə D-8 təşkilatının genişlənməsi ilə əlaqədar ilk dəfə tarixi qərarın qəbul edilməsi Azərbaycana olan beynəlxalq etimadın göstəricisi və eyni zamanda bizim üçün xüsusi qürur mənbəyidir. Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür”.
Rəsmi Bakı müsəlman dünyasının mənəvi birliyinin iqtisadi və siyasi təzahürünə nail olmaq, dünya qarşısına bütün cəhətlər üzrə daha üstün sivilizasiya ilə çıxmaq zərurətini önə çəkir. Azərbaycanda 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi, Prezident İlham Əliyevin İslam həmrəyliyi çağırışı sabitliyə, təhlükəsizliyə və dünya müsəlmanlarının bir araya gəlib qarşıdurmalara son qoyması kimi yüksək amallara xidmət edib. Eyni zamanda, 2017-ci ildə Azərbaycanda 54 müsəlman ölkəsindən gələn 3 minə yaxın idmançının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunları keçirilib.
Müsəlman dünyasında böyük nüfuza malik olan Türkiyə və Pakistanın İkinci Qarabağ Müharibəsinin ilk günlərindən Azərbaycanın haqlı mövqeyini müdafiə etmələri, Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanatlar vermələri, eləcə də postkonflikt dövründə qlobal informasiya savaşında ölkəmizə dəstəyi rəsmi Bakı tərəfindən hər zaman yüksək dəyərləndirilib. Ölkə rəhbərliyi yaxından əməkdaşlıq etdiyi, müsəlman ölkələrini birləşdirən bu və digər təşkilatların dəstəyi ilə Ermənistanın işğalçılıq siyasətinin səbəb olduğu ağır nəticələrin, vandalizm aktlarının dünya ictimaiyyətinə çatdırılması, rəsmi İrəvanın ifşası istiqamətində çoxşaxəli iş aparır. İşğal altında olmuş ərazilərimizdə İslam mədəniyyətinə xas tarixi, mədəni, dini abidələrin dağıdılması və yaxud erməniləşdirilməsi cəhdləri ilə bağlı faktların həmin ölkələr vasitəsilə dünya ictimaiyyətinə çatdırılması da əsas hədəflərdəndir.
Bütün bunların fonunda demək olar ki, D-8-ə tamhüquqlu üzvlük Azərbaycana böyük bir coğrafiyada maraq və mənafelərini təmin etmək, beynəlxalq platformalarda daha çox müsəlman dövlətinin dəstəyini qazanmaq, diplomatik sferada maraqları uzlaşdırmaq, habelə İslamafobiya ilə fəal mübarizə aparmaq imkanı yaradacaq. Öz növbəsində D-8 ölkələri əlverişli coğrafiyada yerləşən, mühüm neft-qaz, yaşıl enerji layihələri reallaşdıran Azərbaycanla əməkdaşlığı qarşılıqlı faydalı maraqlar əsasında inkişaf etdirmək imkanı qazanacaqlar.
MTM Analitik Qrup