AZƏRBAYCAN-MOLDOVA MÜNASİBƏTLƏRİNİN İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB

Aprelin 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Xarici İşlər Nazirliyinin dövlət katibi Sergey Mihovla görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı Azərbaycan-Moldova əməkdaşlığının siyasi, iqtisadi, ticarət, enerji, humanitar aspektləri, münasibətlərin inkişaf perspektivləri, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Moldova Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Mihai Popşoy ilə görüşünü məmnunluqla xatırlayan Ceyhun Bayramov ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafında bu kimi təmasların, siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətini qeyd edib.

İkitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub, xüsusilə enerji təhlükəsizliyi sahəsi üzrə tərəfdaşlığın inkişaf perspektivlərindən istifadənin əhəmiyyəti vurğulanıb.

İqtisadiyyat, ticarət, investisiyalar sahələri üzrə əməkdaşlıq imkanlarının müzakirəsi baxımından Azərbaycan ilə Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın rolunun vacibliyi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan və Moldova Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Moldova tərəfindən isə dövlət katibi Sergey Mihov rəhbərlik edib.