AZƏRBAYCAN MİNSK QRUPUNUN UĞURSUZLUĞUNU ƏSASLANDIRMAĞI BACARDI

Artıq ATƏT Minsk qrupu və onunla əlaqəli strukturların fəaliyyətinə son qoyur və bu addım həm Ermənistan, həm də Azərbaycanın birgə müraciəti əsasında həyata keçirilir. Artıq sentyabrın 1-dən bağlanma prosedurlarına start verilib. Beləliklə, 1992-ci ildən bəri davam edən ənənəvi vasitəçilik formatı tarixin səhifəsinə çevrilir. Təbii ki, bu qərar Azərbaycan diplomatiyasının ardıcıl və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Lakin eyni zamanda, region üçün yeni çağırışlar da doğurur.

Tarixə nəzər salsaq görərik ki, Minsk qrupu Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq vasitəçilik platforması kimi qurulmuşdu. ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə fəaliyyət göstərən bu mexanizm üç onillik ərzində müxtəlif mərhələlərdən keçdi. Lakin illər ötdükcə problemlər də üzə çıxdı. Belə ki, həmsədrlərin maraqlarının ziddiyyəti, yekun status və təhlükəsizlik təminatlarında konkret nəticənin olmaması, münaqişənin həllinə deyil, status-kvoya xidmət edən siyasət nəticədə Minsk qrupuna etimadı azaltdı. Ona görə də Azərbaycan rəsmi səviyyədə dəfələrlə bəyan edirdi ki, Minsk qrupu obyektiv vasitəçi rolunu itirib və real nəticələr gətirmir.

Bu ilin avqustunda Amerikanın vasitəçiliyi ilə baş tutan görüşlərdə Azərbaycan və Ermənistan liderləri ATƏT rəhbərliyinə birgə müraciət ünvanladılar. Hər iki dövlət Minsk qrupunun və ona bağlı təsisatların artıq funksional olmadığını bildirdilər. ATƏT-in 57 üzv dövlətinin yekdil qərarı ilə sentyabrın 1-də proses başladıldı və ilin sonuna qədər tam başa çatdırılması planlaşdırılır. Bu, region diplomatiyasında yeni mərhələnin başlanğıcı, həmçinin Azərbaycanın növbəti diplomatik uğurudur. Bu hadisə ilk növbədə rəsmi Bakının strateji məqsədlərinin ardıcıllığını göstərir. Bakı uzun illərdir bu qurumun səmərəsizliyini vurğulayırdı və mövzunu beynəlxalq tribunaların gündəminə daşıyırdı. Digər tərəfdən hərbi-siyasi reallıqlar, 2020 və 2023-cü illərdəki əməliyyatlar nəticəsində Azərbaycan öz ərazilərinə nəzarəti bərpa etdi, bununla da reallıqları dəyişdi. Ən əsası isə Minsk qrupunun vasitəçilik formatının aktuallığı itirildi.

İkinci Qarabağ müharibəsindən sonra yeni diplomatik platformalar yarandı və bu platformalar tərəflərin maraqlarına daha çox cavab verirdi. Amerika, Türkiyə və Avropa İttifaqı ilə aparılan müzakirələr alternativ formatların daha məhsuldar ola biləcəyi qənaətini formalaşdırdı. Bunun fonunda Azərbaycan həm daxili, həm də beynəlxalq ictimaiyyətdə Minsk qrupunun uğursuzluğunu əsaslandırmağı bacardı. Heç şübhəsiz ki, Minsk qrupunun ləğvindən sonra diplomatik məkan bir neçə istiqamətdə dəyişəcək. Birincisi, danışıqlarda ikitərəfli format daha əsas rol oynayacaq. Ermənistan və Azərbaycan problemləri birbaşa həll etmək imkanına sahib olacaq. İkincisi, regional güclərin təsiri artacaq. Türkiyə, Rusiya, Amerika və Avropa İttifaqı yeni reallıqlara uyğun siyasət qurmağa çalışacaq. Nəyin baş verməsindən asılı olmayaraq ATƏT-in Minsk qrupu tarixə qovuşur və bu hadisə istisnasız olaraq Azərbaycan diplomatiyası üçün böyük uğurdur. Bu, Bakının illərlə apardığı siyasətin nəticəsidir və yeni siyasi reallıqları təsdiqləyir.

MTM Analitik Qrup