AZƏRBAYCAN MƏRKƏZİ ASİYA İLƏ QƏRB DÜNYASI ARASINDA MÜNÜSİBƏTLƏRİN İNKİŞAFINDA DAHA BÖYÜK ROL OYNAMAĞA BAŞLAYIR

Azərbaycanın geosiyasi mövqeyi və çoxşaxəli xarici siyasəti ölkəmizi həm regionda, həm də qlobal miqyasda mühüm aktora çevirib. Bunu Qərb dünyası ilə Mərkəzi Asiya dövlətləri arasında qurulan münasibətlərə  Azərbaycanın töhfələri kontekstində də bir daha görmək mümkündür. Qeyd edilən halın daha bir konkret nümunəsi kimi noyabrın 6-da Vaşinqtonda keçiriləcək “Mərkəzi Asiya-ABŞ” sammitini göstərmək olar.

Xatırlatmaq lazım gəlir ki, 2015-ci ildən bəri, beş Mərkəzi Asiya dövlətinin ABŞ ilə dialoqunu özündə ehtiva edən “C5+1” formatı Vaşinqtonun bu regionda strateji diplomatiyasının əsas kanallarından hesab olunur. Sözügedən format ABŞ-la Mərkəzi Asiya ölkələri arasında qlobal və regional məsələləri müzakirə etmək, əməkdaşlıq sahələrini genişləndirmək üçün nəzərdə tutulub.  Hazırda Mərkəzi Asiya ölkələri əvvəlki dövrlərlə müqayisədə regional və beynəlxalq məsələlərdə daha çox həmrəylik nümayiş etdirirlər. Mütəmadi məsləhətləşmələr və regiondaxili əlaqələrin gücləndirilməsi eyni zamanda burada artan regional gücün də göstəricisidir. Son beş ildə regiondaxili ticarət ikiqat artıb və Mərkəzi Asiya ölkələri bu, eləcə də digər istiqamətlərdə qarşıya yeni hədəflər qoyublar. Aydındır ki, beş Mərkəzi Asiya dövləti müxtəlif xarici güclərlə fərqli sferalar üzrə əməkdaşlığa da xüsusi önəm verməklə qlobal miqyasda da mövqelərini daha güclü hala gətirməyə can atırlar. Bura ABŞ ilə  əlaqələr daxildir və “C5+1” sözügedən prosesdə olduqca mühüm formatdır.

Bu format üzrə əməkdaşlıq istiqamətləri 10 il əvvəl beş Mərkəzi Asiya dövlətinin xarici işlər nazirləri və ABŞ Dövlət katibinin qəbul etdikləri birgə Səmərqənd Tərəfdaşlıq və Əməkdaşlıq Bəyannaməsində öz əksini tapıb. Səmərqənd Bəyannaməsində altıtərəfli iqtisadi və siyasi əməkdaşlığın dərinləşdirilməsi üçün aşağıdakı sahələr müəyyən edilib: regional ticarət, nəqliyyat və kommunikasiya, enerji əlaqələri və tranzit imkanları sahəsində qarşılıqlı faydalı əməkdaşlıq; regionda əlverişli biznes mühitinin yaradılması; ətraf mühitin dayanıqlılığı və iqlim dəyişikliyinin regiona təsiri məsələlərinin həlli; yaşıl texnologiyalar və enerji sahəsində əməkdaşlıq; Mərkəzi Asiya regionunun təhlükəsizliyi və inkişafı məsələləri, eləcə də Əfqanıstanın inkişafı məsələləri; nüvə silahlarının yayılmasının qarşısının alınması üçün beynəlxalq və milli təşəbbüslər; insan hüquqlarının inkişafı, demokratik təsisatların yaradılması.

Ötən dövr “C5+1” formatının səmərəliliyini təqsdiqləyib və indi iştirakçılar arasında qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi nəzərdə tutulur. Vaşinqtonda keçiriləcək “Mərkəzi Asiya-ABŞ” sammitinin əsas məqsədlərindən biri də budur. Amma regional proseslər, Azərbaycanın tutduğu mövqe, yerləşdiyi coğrafiya bir daha nümayiş etdirir ki, qədim Türküstanın ABŞ ilə münasibətlərinin dinamik inkişafının daha böyük nəticələrə gətirib çıxarması Azərbaycandan əhəmiyyətli dərəcədə asılıdır. Bunu  Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də xüsusi qeyd edir.

“C5+1” formatında Azərbaycan liderinin mümkün iştirakı ilə bağlı Qazaxıstan Prezidenti bildirib: “Mən Azərbaycanın da belə bir vacib forumda iştirakını arzuolunan hesab edirəm. Çünki enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi, həmçinin Prezident İlham Əliyevin strateji baxışları və siyasi iradəsi nəzərə alınmaqla, bu ölkə mahiyyət etibarilə regional nəqliyyat, logistika və enerji gücünə çevrilib və Cənubi Qafqazda və ondan kənarda mühüm rol oynayır. Azərbaycan Böyük Orta Asiyanın təbii bir hissəsi hesab edilə bilər. Əminəm ki, tədbir məhsuldar və qarşılıqlı faydalı olacaq”.

Nəzərə alınmalıdır ki, son illərdə Mərkəzi Asiya ilə ABŞ arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əlaqələrin genişlənməsi fonunda Azərbaycanın bu proseslərdə oynadığı körpü rolu getdikcə daha da ön plana çıxır. Azərbaycan həm coğrafi mövqeyi, həm də balanslı diplomatiyası sayəsində Mərkəzi Asiya ölkələri ilə Qərb dünyası arasında etibarlı tranzit, dialoq mərkəzi kimi çıxış edir. Reallaşmasında ölkəmizin xüsusi rol oynadığı Orta Dəhliz isə Qərb dünyası üçün də getdikcə daha böyük əhəmiyyət kəsb edir.  Azərbaycanın enerji sektoru da Mərkəzi Asiya–ABŞ münasibətlərinin mühüm tərkib hissəsidir. ABŞ Bakı-Tiflis-Ceyhan, Cənub Qaz Dəhlizi kimi layihələri  regionda enerji təhlükəsizliyinin mühüm təminatı kimi qiymətləndirir. Artıq Bakı-Tiflis-Ceyhanla Mərkəzi Asiyada hasil edilən neft dünya bazarlarına çıxarılır. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı Avropaya ixrac olunur, eyni zamanda Mərkəzi Asiya “mavi yanacaq” ehtiyatlarının gələcəkdə bu sistemə qoşulması üçün imkanlar yaranır.  Qazaxıstan və Türkmənistan kimi ölkələrin enerji məhsullarının Xəzər dənizi vasitəsilə Azərbaycanın infrastrukturuna inteqrasiya olunması, ABŞ-ın dəstəklədiyi enerji marşrutlarının daha dayanıqlı və rəqabətədavamlı olmasına xidmət edir. Bakı bu sahədə həm diplomatik, həm də texnoloji baxımdan mühüm rol oynayır. Azərbaycan rəqəmsal iqtisadiyyat və “yaşıl enerji” sahəsində Mərkəzi Asiya ölkələri ilə ABŞ arasında yeni əməkdaşlıq sahələrinin açılmasına şərait yaradır.

Azərbaycan Mərkəzi Asiya ölkələri və ABŞ arasında təhlükəsizlik dialoqunun da mühüm iştirakçısıdır. Terrorizm, ekstremizm, sərhəd təhlükəsizliyi və narkotik qaçaqmalçılığı kimi problemlərin həllində Bakı həm regional əməkdaşlığı gücləndirir, həm də Qərblə koordinasiyanı təmin edir. Azərbaycan BMT və ATƏT kimi beynəlxalq platformalarda Mərkəzi Asiya ölkələrinin maraqlarının müdafiəsində və regional sabitliyin qorunmasında mühüm vasitəçi mövqedədir. ABŞ üçün isə Azərbaycan müstəqil, balanslı siyasət yürüdən tərəfdaş kimi etibarlı ölkədir.

Son illərdə Azərbaycanın təşəbbüsü ilə region ölkələri arasında ticarət dövriyyəsinin artırılması istiqamətində mühüm addımlar atılıb. Bakı-Tiflis-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Limanı və logistika mərkəzləri Mərkəzi Asiyadan gələn malların Avropaya çıxışını asanlaşdırır. ABŞ şirkətləri bu infrastrukturdan istifadə etməklə region bazarlarına daxil olma imkanlarını genişləndirir. Zəngəzur dəhlzinin açılması isə prosesə əlavə töhfələr verəcək.

ABŞ ilə yanaşı, Avropa İttifaqının təqdim etdiyi Mərkəzi Asiyaya yönəlik “Qlobal Gateway” təşəbbüsünün reallaşmasında da Azərbaycan yenə həlledici mövqeyə sahibdir. Ümumiyyətlə, “Qlobal Gateway” təşəbbüsünün ən strateji hədəf məkanlarından biri kimi Mərkəzi Asiya və Cənubi Qafqaz regionları artıq ön planda yer alır. Mərkəzi Asiya və Cənubi Qafqaz kontekstində “Qlobal Gateway” transsərhəd ticarətin səmərəliliyini artırmaq və beləliklə, ölkələr arasında ticarəti asanlaşdırmaq üçün nəqliyyat marşrutlarını əhəmiyyətli dərəcədə təkmilləşdirməyə yönəlmiş təşəbbüslər həyata keçirmək məqsədi daşıyır.

 “Qlobal Gateway” təşəbbüsü həm Avropanın özü, həm də Mərkəzi Asiya və Cənubi Qafqaz üçün yeni imkanlar pəncərəsi açır. Bu regionlar Avropaya enerji, nəqliyyat və rəqəmsal əməkdaşlıq baxımından mühüm töhfə vermək iqtidarındadırlar. Mərkəzi Asiyadan Avropaya doğru uzanan bu əməkdaşlıq xətlərində isə Azərbaycan yenə tranzit məkan kimi həlledici mövqedədir. Bütün bunlar  göstərir ki, Azərbaycan Mərkəzi Asiya ilə Qərb dünyası arasında  münasibətlərdə sadəcə tranzit və ya vasitəçi deyil, həm də fəal formalaşdırıcı rola malikdir.

MTM Analitik Qrup