Yerli məhsulların xarici bazarlarda tanıdılması, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Azərbaycan sahibkarları müxtəlif formatlı tədbirlərdə, o cümlədən mütəmadi olaraq beynəlxalq sərgilərdə iştirak edirlər.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu ilin birinci rübündə qeyri-neft məhsullarımız Rusiyanın Moskva şəhərində keçiriləcək “Prodexpo 2022” və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq “Gulfood 2022” beynəlxalq ərzaq sərgilərində nümayiş ediləcək.
7-11 fevral tarixlərində keçiriləcək “Prodexpo 2022” beynəlxalq sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 30-dan çox Azərbaycan şirkəti, 13-17 fevral tarixlərində keçiriləcək “Gulfood 2022” beynəlxalq ərzaq sərgisində isə 30-dək yerli şirkət vahid ölkə stendi ilə təmsil olunacaq.
Sərgilər çərçivəsində Azərbaycan sahibkarları xarici iş adamları ilə yeni əməkdaşlıq əlaqələri qurmaq, məhsulların ixracına dair müzakirələr aparmaq imkanı əldə edəcəklər.