Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli və Özbəkistan Ali Məclisi Senatının üzvü, “İshonch”, “İshonch-Doverie” qəzetlərinin baş redaktoru Husan Ermatov arasında görüş keçirilib.
Mərkəzdən bildirilib ki, görüş zamanı Azərbaycanın və Özbəkistanın media qurumları arasında əməkdaşlığın hər iki ölkənin mədəni, tarixi və siyasi əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələr xüsusi vurğulanıb.
A.Marifli dövlət başçılarımız arasında qurulan səmimi və strateji əlaqələrin bu sahədə iş birliyinin daha da dərinləşməsinə və yeni təşəbbüslərin həyata keçirilməsinə şərait yaratdığını xüsusi qeyd edib. Bundan başqa, iki ölkənin media təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsi və informasiya mübadiləsi sahəsində tərəfdaşlığın inkişafı məsələləri, müxtəlif sahələrdə məlumat mübadiləsi, hər iki xalqın tarixi və mədəniyyətini yaxından tanıtmaq üçün xüsusi reportajların hazırlanması, Özbəkistan media platformasında Azərbaycan dilində, Azərbaycan media platformasında isə özbək dilində materialların yayılmasınının vacibliyi, bu kimi digər birgə media layihələrinin təşkili, həmçinin təcrübə paylaşımının həyata keçirilməsi məsələləri müzakirə olunub.
Görüş iştirakçıları peşə fəaliyyəti haqqında məlumat mübadiləsi aparıb, jurnalistikanın aktual aspektlərini müzakirə edib, birgə layihə və təşəbbüslərə maraq göstəriblər.
Sonda Azərbaycan Mədəniyyət Mərkəzi və “İshonch”, “İshonch-Doverie” qəzetləri arasında hər iki ölkədə peşəkar əlaqələrin möhkəmləndirilməsi, jurnalistikanın keyfiyyətinin yüksəldilməsi istiqamətində birgə layihələrin fəal şəkildə həyata keçirilməsinə dair razılıq əldə olunub.