AZƏRBAYCAN KULİNARİYASI ÖZBƏKİSTANDA TƏQDİM OLUNUB

Özbəkistanın Səmərqənd şəhərində avqustun 1-3-də “Səmərqənd plovu” adlı birinci beynəlxalq festival keçirilib. Bu tədbir qastronomik turizmin inkişafı və xalqlar arasında mədəni mübadilədə mühüm hadisəyə çevrilib.

Festivalda Türkiyə, Yaponiya, Qətər, Misir, Pakistan, Cənubi Koreya, Qazaxıstan və Tacikistan da daxil olmaqla 15-dən çox ölkədən aşpazlar iştirak ediblər. Azərbaycan da öz mətbəxinin zənginliyini yüksək səviyyədə nümayiş etdirən iştirakçı ölkələr sırasında yer alıb.

Nümayəndə heyətinə milli mətbəx üzrə ekspert, Azərbaycanın interaktiv qastronomik xəritəsini əks etdirən rəqəmsal portal – “Diyar.az” kulinariya layihəsinin müəllifi və direktoru Nigar Əmirbəyova başçılıq edib. Platforma artıq hazırlanıb və ölkə regionlarının kulinariya müxtəlifliyini əks etdirən məkanları özündə ehtiva edir, lakin hazırda resursa giriş məhduddur. Layihə milli mətbəxin populyarlaşdırılması və qastronomik turizmin inkişafına yönəlib. Bundan başqa, Nigar Əmirbəyova həm də Dünya Restoran İdmanı Federasiyasının (The World Federation of Restaurant Sport) nümayəndəsidir.

Kulinariya mütəxəssisi festivala Özbəkistanın Azərbaycandakı səfirliyi tərəfindən dəvət olunub və beynəlxalq aşpazlar arasında keçirilən müsabiqədə ölkəni təmsil edib.