AZƏRBAYCAN KORONAVİRUSA QARŞI VAKSİNİN GƏTİRİLMƏSİ ILƏ BAĞLI SAZİŞ IMZALAYIB

2019-cu ilin sonundan etibarən dünyada sürətlə yayılan SARS-CoV-2 virusuna görə yaranmış pandemiya əksər ölkələrin səhiyyə və iqtisadi sistemlərini böhran vəziyyətinə salıb.

TƏBİB-dən verilən məlumata görə, pandemiya davam etdiyi müddətdə bir çox sərt karantin tədbirləri və müalicə metodları tətbiq edilsə də, güclü mübarizə sistemləri hələ də hazır deyil. Yoluxucu xəstəliklərə səbəb olan digər viruslardan fərqli olaraq SARS-CoV-2 virusu gec mutasiya olan, lakin yoluxdurucu gücü sürətlə artan virusdur. Bu şəraitdə epidemioloji vəziyyətə nəzarət edə bilmək üçün ən effektiv vasitə həssas əhali qruplarının vaksinasiyasıdır.

Hesablamalar göstərir ki, əhalinin ilkin olaraq 20%-nə peyvəndlərin vurulması epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edə bilər. İstifadə oluna biləcək vaksinlər üzrə vacib tələblərdən biri, vaksinin effektiv və təhlükəsiz olmasıdır. Vaksin virusa qarşı ən azı 50% qoruyuculuq qabiliyyətində malik olmalı və kənar mənfi təsirləri minimum səviyyədə olmalıdır.

Çoxtərəfli platformalarda ölkələrin iştirakı məqsədilə, GAVI, CEPI və ÜST tərəfindən COVAX platforması yaradılıb. COVAX təşkilatı, geniş sayda peyvənd namizədlərini müxtəlif texnologiyalar vasitələrilə qiymətləndirərək təhlükəsiz COVID-19 peyvənd təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir. COVAX platformasının əsas məqsədi, COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaqdır. Hazırda klinik sınaqlar fazasında olan 30 vaksindən cəmi 6-sı 3-cü klinik fazada sınaqlardan keçirilir. Tədqiqatlar davam etdiyindən, vaksinlərin effektivliyi və təhlükəsizliyi haqqında hələ fikir söyləmək mümkün deyil.

Lakin aparıcı vaksin namizədləri artıq çoxsaylı ön sifarişlər qəbul etdiklərindən, bu tələbin həcminin onların istehsal potensialından çox olmasını nəzərə alsaq, növbəti sifarişləri tezliklə tam təmin etmək mümkün olmaya bilər. Bunları nəzərə alaraq, 18 sentyabr 2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Sazişə görə, ÜST (Ümümdünya Səhiyyə Təşkilatı) tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərbər, Azərbaycan da təsdiqlənmiş peyvədlə təmin olunacaqdır.

Azərbaycan Respublikası elmin nailiyyətlərinə və dünya praktikasına əsaslanaraq əhalinin sağlamlığının qorunması istiqamətində ehtiyac olan bütün tədbirləri həyata keçirməyə davam edəcəkdir və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Qeyd edək ki, GAVI təşkilatının əsası 2000-ci ildə qoyulub. Təşkilatın mərkəzi ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir.