AZƏRBAYCAN İSTANBULDA KEÇİRİLƏN BEYNƏLXALQ STRATEJİ KOMMUNİKASİYA SAMMİTİNDƏ TƏMSİL OLUNUR

Noyabrın 24-də İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom 23” işə başlayıb. Sammit Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilir.

Bu il “Hibrid təhlükələrlə qlobal mübarizə: sabitlik, təhlükəsizlik, həmrəylik” mövzusuna həsr olunan konfransda ölkəmizi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və kommunikasiya şöbəsinin kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev təmsil edir.

O, tədbirin ikinci günü keçiriləcək “Strateji kommunikasiyaların yeni dilemmaları: İnformasiya təhlükəsizliyi və şəffaflıq” mövzusunda panel iclasda iştirak edəcək.

İki gün davam edəcək tədbirdə doqquz panel iclasında mövzu ətrafında müzakirələr aparılacaq.