Azərbaycan Prezidenti vaxtaşırı bəyan edir ki, Ermənistanın öz Konstitusiyasına dəyişiklik etməsə sülh müqaviləsi imzalanmayacaq. ABŞ dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevlə sonuncu telefon söhbətində də bu mövzu gündəmdə olub və Ermənistanın Azərbaycana qarşı olan ərazi iddialarına son qoymasının vacibliyi bir daha vurğulanıb. Rəsmi Vaşinqton yaxşı bilir ki, sülh müqaviləsinin tez bir zamanda imzalanması təkcə Ermənistanın regiondakı mövqelərini gücləndirməyəcək, bu, həm də Birləşmiş Ştatlara Cənubi Qafqazda öz maraqlarını təmin etmək imkanı verəcək. Bu baxımdan Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq və sülh sazişinə gedən yolu qısaltmaq üçün konstitusiya dəyişikliklərinə getməlidir.
Sözsüz ki, Ermənistan konstitusiyasında dəyişikliklərin aparılması, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının rəsmi şəkildə dayandırılması Ermənistan-Azərbaycan münasibətlərinə müsbət təsir göstərə bilər. Belə bir dəyişiklik regionda sabitliyin və sülhün möhkəmləndirilməsinə yardım edər, eyni zamanda iki ölkə arasında etimadın bərpasına şərait yaradar. Onu da vurğulamaq lazımdır ki, konstitusiyaya edilən hər hansı bir yenilik Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri qəbul etməsinə yönəlməlidir. Belə olan halda Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımış olacaq. Bu isə regionda gələcək hərbi gərginliklərin və münaqişələrin qarşısını almaq üçün önəmli addımdır. Ermənistanın bu addımı atması iki ölkə arasında uzunmüddətli sülhün bərqərar olmasına töhfə verə bilər.
Ermənistanın konstitusiyasında ediləcək dəyişikliklərin beynəlxalq ictimaiyyət və regional güclər, o cümlədən Rusiya, Türkiyə və Qərb dövlətləri tərəfindən dəstəklənməsi də pozitiv nəticələrə yol aça bilər. Bu baxımdan Türkiyə faktoru diqqətdən kənarda qala bilməz. Çünki Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılmasında hələ də problemli nöqtələr qalmaqdadır və bu problemlərin həlli yalnız rəsmi İrəvanın atacağı konstruktiv addımlardan asılıdır. Bu addımlar isə ilk növbədə konstitusiyaya edilən dəyişikliklərdə özünü göstərəcək. Elə bu günlərdə Prezident İlham Əliyevin etimadnaməsini qəbul etdiyi Kanada səfiri ilə görüşündə səsləndirdiyi fikirlər də təsadüfi seçilməmişdi. Dövlət başçısının mesajları həm Ermənistana, həm də onun havadarlarına edilən növbəti xəbərdarlıq idi. Prezident İlham Əliyev xatırlatdı ki, “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmaması hər hansı bir ölkənin regionda fəaliyyətinin səviyyəsinin müəyyənləşdirilməsi üçün bir amil ola bilməz”. Bu, o deməkdir ki, Qərb koalisiyasına daxil olan qüvvələr, xüsusilə də ABŞ, Fransa və son illərdə ermənipərəst mövqe nümayiş etdirən Kanada regionda daimi sülhün əldə olunmasını istəyirlərsə sülh müqaviləsinin imzalanmasına kömək etməlidirlər. Bir çox hallarda müşahidə edilən pozuculuq siyasəti ilk növbədə Ermənistanın əleyhinə işləyir və şübhəsiz ki, bunu Paşinyan iqtidarı da hiss edib. Bu baxımdan sülh müqaviləsinin olmadığı şəraitdə belə əlaqələrin qurulması, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın başlanması mümkündür və heç kim bu prosesə müdaxilə etməməlidir.
Lakin Ermənistan daxilində bəzi siyasi qüvvələr və millətçi dairələr bu cür dəyişikliklərə müqavimət göstərə bilər. Ermənistan konstitusiyasında ərazi iddialarına son qoyulması məsələsi daxili siyasi mübarizəni qızışdıra bilər ki, bu da ölkədə daxili qeyri-sabitliyə yol açar. Elə son günlər keşiş Baqratın yenidən fəallaşması bu amildən qaynaqlanır. Ümumilikdə ilk təəssürat bundan ibarətdir ki, Ermənistan hakimiyyəti artıq cəmiyyətin və dövlətin inkişafına mane olacaq bu sərsəm iddialardan qurtulmaq istəyir. Lakin onlar bunu öz xoşları ilə etmir. Onlar bunu Azərbaycanın təzyiqi ilə edirlər və rəsmi Bakı məsələnin birdəfəlik həllinə çalışır, gələcəkdə Ermənistana yenidən ərazi iddiaları ilə çıxış etmək üçün heç bir şans buraxmaq istəmir. Ümumiyyətlə, Ermənistan konstitusiyasının Azərbaycanın tələbi əsasında yenilənməsi Ermənistanın ərazi iddialarına son qoymağa və iki ölkə arasında sülhün bərqərar olmasına töhfə verə bilər. Lakin bu dəyişikliklərin effektiv olmasından ötrü Ermənistan daxilində siyasi konsensusun və beynəlxalq dəstəyin təmin olunması vacibdir. Ermənistanın ərazi iddialarından rəsmi şəkildə imtinası gələcəkdə bu kimi iddiaların beynəlxalq arenada müzakirəyə çıxarılmasını qeyri-mümkün edəcək və bu, uzunmüddətli sabitlik üçün mühüm naliyyət olacaq.
MTM Analitik Qrup