AZƏRBAYCAN İSLAM DÜNYASININ ÜZLƏŞDİYİ MÜNAQİŞƏLƏRİN HƏLLİNƏ MÜHÜM TÖHFƏLƏR VERİR

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə əməkdaşlığa üstünlük verməsi təşkilatın müsəlman dünyasındakı nüfuzu, siyasi təsir imkanları ilə yanaşı, həm də qlobal çağırışlarla şərtlənir. Təşkilat müsəlman dünyasının ən mühüm siyasi platforması olmaqla, üzv ölkələr arasında həmrəyliyin möhkəmləndirilməsinə və mövqelərin yaxınlaşdırılmasına çalışır.

Rəsmi Bakının təşkilatla əməkdaşlığa xüsusi əhəmiyyət verməsi, ilk növbədə, ölkəmizin İslam dünyası ilə dərin tarixi, mədəni və mənəvi bağlılığından qaynaqlanır. Eyni zamanda, Azərbaycan İƏT-in beynəlxalq nüfuzundan istifadə etməklə, regional və qlobal müstəvidə maraqlarını qorumağa, ölkə həqiqətlərinin dünyaya çatdırılmasına çalışır.

Ölkəmizin təşkilat çərçivəsindəki fəallığı Yaxın Şərqdə cərəyan edən proseslər fonunda diqqəti daha çox cəlb edir. Qəzza bölgəsində davam edən hərbi gərginlik, humanitar böhranın dərinləşməsi, mülki əhalinin itkilərlə üzləşməsi İslam dünyasında narahatlıq doğuran əsas problemlərdən biridir. Belə bir durumda rəsmi Bakı məsələyə yalnız regional deyil, həm də qlobal təhlükəsizlik kontekstindən yanaşaraq münaqişənin dinc və diplomatik yolla həllinə çağırış edir.

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında səsləndirdiyi fikirlər ölkəmizin sülhə və beynəlxalq hüquqa əsaslanan yanaşmasının bariz ifadəsidir. Onun vurğuladığı kimi, Qəzza bölgəsində atəşkəsin təmin olunması və humanitar yardımın maneəsiz çatdırılmasına şəraitin yaradılması hazırda ən vacib məsələlərdən biridir. Bu, Azərbaycanın təşkilat daxilində sülhyaratma və humanitar proseslərdə yaxından iştirak etmək niyyətini bir daha təsdiq edir.

Azərbaycanın Fələstin münaqişəsi ilə bağlı mövqeyi beynəlxalq hüquqa əsaslanmaqla, “iki dövlət” prinsipi üzərində qurulub. Bu yanaşma həm də BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. Azərbaycanın dəstəklədiyi həll modeli Fələstin xalqının müstəqil dövlət qurmaq haqqını tanımaqla yanaşı, İsrail Dövlətinin təhlükəsizliyinin təminatını da vacib şərt kimi önə çəkir. Bu mövqe balanslı, ədalətli və davamlı sülhün bərqərar olmasına xidmət edən rasional yanaşmadır.

Ölkəmizin bu mövqeyini gücləndirən əsas amillərdən biri də beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyidir. Azərbaycan üzləşdiyi ədalətsiz münaqişəni, işğal faktını məhz bu prinsiplərə əsaslanaraq aradan qaldırıb. Ölkəmiz Fələstin məsələsində də beynəlxalq hüquqa zidd hərbi təcavüz siyasətinə qarşı çıxır, münaqişələrin yalnız diplomatik danışıqlar yolu ilə həlli tərəfdarı kimi çıxış edir.

Azərbaycanın İsraillə yanaşı, Fələstinlə əlaqələrə əhəmiyyət verməsi balanslı və tərəfsiz yanaşmanın göstəricisidir. Ölkəmizin İsraildə səfirliyinin, Fələstində təmsilçiliyinin açılması barədə qərarları məhz bu kontekstdən dəyərləndirilməlidir. Bu addımlar rəsmi Bakının hər iki ölkə ilə münasibətləri paralel və konstruktiv şəkildə inkişaf etdirdiyini göstərir.

Ölkəmizin Fələstin xalqına dəstəyi konkret humanitar və sosial layihələrdə təzahür edir. Azərbaycan hökuməti ötən il Fələstin xalqına humanitar yardım məqsədilə 2 milyon ABŞ dolları ayırıb. Bundan əlavə, ölkəmiz Fələstinin Nablus regionunda 600 şagirdlik məktəbin inşasını üzərinə götürüb. Bu təşəbbüslər rəsmi Bakının münaqişənin ədalətli həllinə real töhfə verdiyini sübut etməklə yanaşı, onun beynəlxalq humanitar proseslərdə fəal iştirakçı rolunu möhkəmləndirir. Bu vəziyyətdə hansısa ölkənin Azərbaycanı İsraillə strateji əməkdaşlıq fonunda Fələstini unutmaqda qınaması mümkün deyil. Əksinə, rəsmi Bakı hər iki tərəflə münasibətləri eyni səviyyədə inkişaf etdirməklə Yaxın Şərqdə tarazlığın qorunmasına, sülh və barışa töhfələr verir.

Azərbaycan Fələstin-İsrail münaqişəsinin diplomatik yolla həllinə diplomatik dəstək göstərmək, vasitəçi olmaq niyyətini də gizlətmir. Hərbi qarşıdurmaların ağır fəsadlarını, humanitar böhranlar doğurduğunu öz təcrübəsində görmüş bir dövlət kimi Azərbaycan yalnız siyasi dialoqa və beynəlxalq hüquqa əsaslanan mexanizmlərin real nəticə verə biləcəyi qənaətindədir.

İƏT platforması Azərbaycanın Fələstin məsələsindəki mövqeyinin beynəlxalq miqyasda dəstəklənməsi üçün mühüm vasitədir. Azərbaycanın təşkilat çərçivəsində sülhyaratma proseslərində yaxından iştirakı onun regional sabitlik və qlobal maraqlarından irəli gəlir. Yaxın Şərqdə münaqişələrin uzanması yalnız bölgə dövlətlərinə deyil, bütövlükdə İslam dünyasına qayğı və narahatlıq gətirir. Bütün bunları nəzərə alan rəsmi Bakı bölgədə sülh təşəbbüslərinin genişlənməsini dəstəkləyir, humanitar problemlərin həllində fəal aktor kimi çıxış edir.

Bir sözlə, ölkəmiz İslam dünyasının ortaq problemlərinin həllinə töhfə vermək, beynəlxalq hüquqa əsaslanan ədalətli yanaşmanı müdafiə etmək, humanitar təşəbbüslərdə yaxından iştirak etmək kimi mühüm məqsədlərlə çıxış edir. Azərbaycanın bu istiqamətdəki fəaliyyəti isə təkcə İslam dünyasında deyil, ümumən beynəlxalq arenada yüksək qiymətləndirilir.

MTM Analitik Qrup