AZƏRBAYCAN-İRAN ƏLAQƏLƏRİNDƏ YENİ MƏRHƏLƏ

Azərbaycanın İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanması deməkdir. Bu mərhələ daha çox bir neçə il öncə başlayan və hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi nəticəsində aradan qaldırılan gərginliyin sona çatması, əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişafını ehtiva etməklə xarakterizə olunur. Bu hadisə yaxın qohumluq əlaqələrinə, tarixi köklərə, ortaq mədəni dəyərlərlə malik olan xalqlarımızın və dövlətlərimizin bundan sonra mehriban qonşuluq və dostluq siyasəti çərivəsində yaşayacağına əminlik yaradır.
Azərbaycanın Xarici İşlər Nazirliyi bəyan edib ki, İran tərəfi akkreditasiya ölkəsi kimi, “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası” çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq, səfirliyimizin yeni binasının mühafizəsi üçün tədbirlər görüb. Bu isə deməyə əsas verir ki, İran tərəfi rəsmi Bakının tələb etdiyi təhlükəsizlik zəmanətini yerinə yetirib. Səfirliyin yeni bina ilə təmin olunması və həmin binada təhlükəsizliyin gücləndirilməsi bu faktı bir daha təsdiqləyir.
Tehrandakı səfirliyimizə edilən terror hücumundan sonra rəsmi Bakı bir neçə dəfə bəyan etmişdi ki, bu məsələ ilə bağlı həyata keçirilən istintaqın nəticələri səfirliyin fəaliyyətinin bərpası üçün əsas olacaq. Ona görə də İran tərəfi terror aktını törədənləri və sifarişçiləri məsuliyyətə cəlb etməli, onlar sərt şəkildə cəzalandırılmalı idi. Səfirliyin yenidən fəaliyyətə başlaması artıq həmin problemlərin həll olunduğunu, ikitərəfli münasibətlərdəki gərginliyin aradan qalxdığını göstərir.
Azərbaycanın İrandakı səfirliyinin yenindən fəaliyyətə başlaması ölkəmizin ictimai fikrində İrana qarşı etimadsızlıq mühitinin tədricən aradan qalxmasına imkan verəcək. İndi əsas məsələ İran-Ermənistan münasibətlərində Azərbaycana qarşı yönələn çirkin oyunların aradan qaldırılmasıdır. İran tarixi qonşuluq əlaqələrinə söykənərək Azərbaycana qarşı həyata keçirilən bütün kampaniyalardan çəkinməli, işğalçı Ermənistanın sülh quruculuğunu pozmaq planlarının həyata keçirilməsinə imkan verməməlidir.
Azərbaycan-İran əlaqələri bundan sonra da genişlənəcək və müxtəlif sahələri əhatə edən əməkdaşlığımız inkişaf edəcək. Bu baxımdan ölkələrimiz arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsi olduqca əhəmiyyətlidir. Siyasi gərginlik mərhələsindən yenicə çıxan ikitərəfli münasibətlərin əvvəlki formaya qaytarılması əsas prinsipdir. Ona görə də İranın yeni rəhbərliyi Azərbaycanla əlaqələrin dostluq və qardaşlıq ruhunu qoruyub saxlamağa çalışmalıdır.

MTM Analitik Qrup