AZƏRBAYCAN İQLİM BÖHRANINA QARŞI MÜBARİZƏYƏ YENİ TÖHFƏLƏR VERİR

İqlim dəyişikliyi, onun yaratdığı böhran bəşəriyyətin üzləşdiyi ən böyük problemlərdən biri olaraq qalır. Amma hadisələrin inkişaf axarı göstərir ki, ümumiyyətlə, iqlim dəyişikliyi dünya üçün əslində, ən birinci problemə çevrilməkdədir və təcili preventiv tədbirlər tələb edir.  Çünki onun fəsadları sərhəd tanımır, bütün ölkələrə təsir edir və getdikcə daha təhlükəli xarakter alır. 

Ümumdünya Meteorologiya Təşkilatının 2025-2029-cu illər üçün yenilənmiş proqnozu da təsdiq edir ki, həmin müddətdə dünya ölkələri iqlimlə bağlı daha böyük çətinliklərlə üzləşməli olacaqlar. Təşkilatın hesabatında həmçinin qeyd olunur ki, yaxın beş ildən ən azı birində orta qlobal temperaturun sənaye öncəsi dövrə, yəni 1850–1900-cü illərdə olan göstəricidən 1,5 dərəcə Selsi yuxarı qalxması ehtimalı 86 faiz təşkil edir. Artım göstəricisi hətta 1,9 dərəcə Selsiyə çata bilər. Ümumdünya Ticarət Təşkilatı üçün hesabatı hazırlayan Böyük Britaniyanın Met Ofisi də xəbərdarlıq edir ki, ilk dəfə olaraq növbəti beş ildən birində temperaturun sənayedən əvvəlki orta göstəriciləri 2 dərəcə  aşması ehtimalı var.

Temperaturun sənayedən əvvəlki temperaturdan 1,5 dərəcə Selsi artması qlobal istiləşmə prosesində kritik nöqtə hesab olunur.  Proseslər göstərir ki, dünya iqtisadiyyatına, insanların gündəlik həyatına, ekosistemlərə və ümumən planetə iqlimdən qaynaqlanan mənfi təsirlər artmağa davam edəcək. Əslində, bu vaxta qədər də xeyli mənfi təsirlər qeydə alınıb. Almaniyada yerləşən “Würzburg Julius-Maximilians” Universitetinin tədqiqatçıları bildirir ki,  1970-ci illərdən etibarən  təbiətdə iqlim dəyişikliyi səbəbindən  böcəklərin ümumi biokütləsi yarıya kimi azalıb.  Ümumdünya Meteorologiya Təşkilatı isə belə bir məqama diqqət çəkir ki, qarşıdakı beş ildə qış mövsümü ərzində Arktikada istiləşmə qlobal orta göstəricidən 3,5 dəfə daha sürətlə baş verəcək, nəticədə buzlaq sahələri xeyli azalacaq.

İqlimşünaslar xəbərdarlıq edirlər ki, davam edən istiləşmə ekstremal hava hadisələri riskini xeyli artıracaq. Dünya güclü qasırğalar, uzun sürən quraqlıqlar, dağıdıcı daşqınlar və istilik dalğaları ilə üzləşməli olacaq. Beləliklə, qlobal orta temperaturun artması daha çox insan və digər canlıların tələfatına gətirib çıxaracaq. Daha bir problem Yer kürəsinin “ağ ciyərləri” hesab olunan meşələrlə bağlıdır. Araşdırmalar ötən ilin tropik meşələr üçün fəlakətli nətəcələrlə yadda qaldığını üzə çıxarır. Həmin dövrdə belə meşələrin sahəsinin azalması əvvəlki illə müqayisədə iki dəfə artıb. Ümumilikdə 67000 kvadrat kilometr tropik meşələr məhv olub ki, bu da son illərin ən yüksək göstəricisidir. Səbəb artan iqlim qeyri-sabitliyi, qlobal istiləşmə və “El Nino” iqlim fenomeninin təkan verdiyi şiddətli yanğınlardır. Yüksək temperatur və quraqlıq meşələrdə yanğın hallraını artırır. Nəticədə tropik meşə yanğınları ilə 2024-cü ildə atmosferə təxminən 4,1 qiqaton istixana qazı atılıb.   

“Global Forest Watch” təşkilatından  Rod Taylorun sözlərinə görə, dünya artan iqlim qeyri-sabitliyinin təsirlərini görür: “Yanğınlar daha intensiv və dağıdıcı xarakter alır”. Oksforddan tədqiqatçı olan Erika Berenquer isə vurğulayır: “Biz alov dövrünə qədəm qoymuşuq”. Amazon İnstitutundan An Alenkar hesab edir ki, tropik meşələr uzunmüddətli deqradasiya və iqlim dəyişikliyi səbəbindən davamlılığını itirir. Mütəxəssislər təbii maneələrin bərpası və tullantıların azaldılması da daxil olmaqla, meşələri qorumaq üçün təcili tədbirlər görməyə çağırır. Bunlar olmasa, meşələrin məhvi davam edəcək və iqlim böhranı daha da pisləşəcək.

Amma bütün bu xəbərdarlıqlara baxmayaraq, dünyanın ən böyük karbon emissiya edən iqtisadiyyatları, o cümlədən ABŞ son illərdə əvvəllər bəyan edilmiş iqlim məqsədlərindən geri çəkilməyə başlayıb. Avropa İttifaqı həmçinin 2040-cı ilə qədər iqlim hədəflərinə nail olmaq üçün tələblərin yüngülləşdirilməsini təklif edib. Bu, karbon neytrallığına nail olmaq üçün planların zəiflədilməsi tendensiyasının bir hissəsidir. Nəticə isə o olacaq ki, dünya daha ciddi iqlim böhranı şəraitində yaşamaq məcburiyyətində qalacaq. Amma təbii ki, bu problemə qarşı davamlı şəkildə mübarizə aparanlar da var və Azərbaycan da onların sırasındadır. 

Məlumdur ki, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev  sahibliyi edib. “Yaşıl dünya naminə həmrəylik” devizi altında təşkil edilən COP29 iqlim böhranı ilə mübarizədə mühüm rol oynayıb. COP29 istixana qazlarının emissiyasının azaldılması və yaşıl texnologiyaların tətbiqi nəzərə alınmaqla ölkələrin inkişaf strategiyalarının müəyyən edilməsi baxımından tarixdə öz yerini tutub. Qeyd edilməlidir ki, COP29-dan öncə də Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə əsas rol oynayan ölkələrdən biri olub. Elə indi də ölkəmiz bu istiqamətdə genişmiyqaslı fəaliyyət həyata keçirir, əməkdaşlıq miqyasını genişləndirir. Azərbaycan,  Rusiya, Qazaxıstan və Özbəkistanın neft-qaz şirkətlərinin əməkdaşlıq haqqında imzaladıqları saziş bunun daha bir nümunəsidir.

Astanada keçirilən “Davamlı inkişaf: dekarbonizasiyaya doğru birgə addımlar” adlı Beynəlxalq konfrans çərçivəsində imzalanan  sənəd ekoloji cəhətdən təhlükəsiz texnologiyalar və yaşıl layihələrin həyata keçirilməsi sahəsində təcrübə mübadiləsini nəzərdə tutur. Nəticədə şirkətlər qlobal bazarlarda iqlim təşəbbüslərini əməkdaşlıq şəraitində təşviq edə biləcəklər. O da xüsusi vurğulanmalıdır ki, Azərbaycan  yaşıl enerji dəhlizlərinin yaradılmasında həlledici rollardan birini oynayır. Bu kontekstdə ölkəmiz Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək yeni enerji yolları da inşa edir. Astanada imzalanan sənəd isə bu prosesə artıq Rusiyanın da daxil edildiyini göstərir. Bütün bunlar həm də Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizədə liderlər cərgəsinndə öz mövqeyini daha da gücləndirməsinin yeni təzahürləri hesab olunur.

MTM Analitik Qrup