AZƏRBAYCAN İLƏ İTALİYA ARASINDA HƏRBİ SAHƏDƏ ƏMƏKDAŞLIĞIN İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ EDİLİB

İtaliyada rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Venesiya meydanında ucaldılan Naməlum əsgərin abidəsini ziyarət edib, önünə əklil qoyub, xatirəsini anıb.

Sonra Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin hazırda fəaliyyətdə olan Baş Qərargah rəisi admiral Cuzeppe Kavo Draqone ilə görüşüb.

Baş Qərargahda keçirilən rəsmi qarşılanma mərasimində hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanovun da iştirak etdiyi görüşdə İtaliya Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrinin strukturu, fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub.

Təkbətək və geniştərkibli görüşlərdə, həmçinin Azərbaycan ilə İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

General-polkovnik K.Vəliyev admiral C.K.Draqoneni NATO-nun Hərbi Komitəsinin rəhbəri təyin olunması ilə əlaqədar təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.