AZƏRBAYCAN İDMANI 2024-CÜ İLDƏ UĞURLU NƏTİCƏLƏRƏ İMZA ATIB

Özünəməxsus inkişaf modeli, sürətli sosial-iqtisadi tərəqqisi, Avropanın enerji təhlükəsizliyindəki müstəsna rolu ilə seçilən Azərbaycan bu gün həm də idman və olimpiya hərəkatındakı nəzərəçarpacaq nailiyyətlərinə görə dünyanın diqqət mərkəzindədir. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarına qatılaraq layiqli nəticələr göstərir. İdmançılarımızın beynəlxalq səviyyəli yarışlarda, eləcə də olimpiya oyunlarında qazandıqları yüksək nəticələr ölkəmizin dünyada özünü güclü idman ölkəsi kimi təsdiqləməsinin əyani sübutudur.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Milli Olimpiya Komitəsində ənənəvi olaraq keçirilən, idman ilinin yekunlarına həsr olunan ənənəvi tədbirlər ölkəmizdə idman və gənclər siyasətinin səmərəliliyini, düzgün strategiya əsasında reallaşdırıldığını göstərir. Yüksək nəticələri olan idmançıların iştirakı ilə keçirilən bu görüşlər, bir tərəfdən hesabat ilinin nəticələrinin təhlili, uğurlarla yanaşı, nöqsanların da qeyd olunması, digər tərəfdən qarşıdakı əlamətdar yarışlara hazırlığın təmini, bu məqsədlə dəqiq hədəflərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

Geridə qalan 2024-cü il Azərbaycanın bütün sahələrdə inkişafı, xüsusilə iqtisadi sahədə əldə edilən nəticələr idman uğurlarımıza da müsbət təsirini göstərib. Şübhəsiz, iqtisadi cəhətdən güclü olmayan ölkənin nüfuzlu yarışlarda yaxşı nəticələr göstərməsi, eləcə də mühüm idman tədbirlərinə layiqincə ev sahibliyi etməsi mümkün deyil. Son 15 ildə bir çox beynəlxalq səviyyəli idman tədbirlərinin Azərbaycanda keçirilməsi ölkəmizin bu sahədəki təşkilatçılıq təcrübəsinin, eləcə də idman imicinin dünya miqyasında dəyərləndirildiyinə dəlalət edir. Respublikamız müxtəlif idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrilməklə yanaşı, bu sahədə geniş potensiala malik olduğunu nümayiş etdirir.

Dövlət başçısı İlham Əliyev 2024-ci ilin yekunlarına həsr olunmuş ənənəvi tədbirdə bu məqama diqqət çəkməklə yanaşı, əldə olunan nəticələri də xüsusi qeyd edib: “2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir”.

Ölkəmizin idman sahəsindəki uğurlarını şərtləndirən mühüm amillərdən biri də son 25 ildə Bakıda və regionlarda müasir maddi-texniki bazaya, infrastruktura malik olimpiya idman komplekslərinin istifadəyə verilməsi, gənc nəslin idmana marağının stimullaşdırılmasıdır. Dövlət başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi son 27 ildə respublikamızın müxtəlif bölgələrində 44 müasir tipli Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib. İdmançıların uğurlu nəticələr əldə etməsi üçün əvvəlcədən müəyyənləşdirilmiş mükafatların yüksək məbləği də bu sahəyə yüksək diqqətin əyani təzahürü kimi qiymətləndirilməlidir.

Şübhəsiz, qələbəni labüd edən başlıca amillərdən biri də idmançıların onlara göstərilən yüksək qayğı və etimad müqabilində dövlət və xalq qarşısında məsuliyyətini dərk etməsi, yüksək iradə göstərərək sonadək mübarizə aparmasıdır. Qalib idmançı xalqının sonsuz sevgisini, rəğbətini qazanmaqla yanaşı, onun qürur ünvanına çevrilir.

İdman yarışları, olimpiada dünya xalqlarının və ölkələrinin tanıdılması, təbliğ olunması, qarşılıqlı əlaqələrin qurulması baxımından böyük əhəmiyyətə, əvəzsiz təsirə malikdir. Bu oyunlarda iştirak etmək, medallar qazanmaq hər bir dövlətin beynəlxalq nüfuzunun yüksəlməsində də mühüm rol oynayır. Yola saldığımız 2024-ci il də idman uğurları baxımından əlamətdar mərhələ kimi dəyərləndirilə bilər. Xüsusilə də Azərbaycan idmançılarının Paris Olimpiya Oyunlarında qazandığı müsbət nəticələr ölkə idmanının yüksək inkişaf yolunda olduğunu, ölkə rəhbərliyi səviyyəsində həyata keçirilən tədbirlərin hədər getmədiyini təsdiqləyib: “Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülmüşdür, komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir. Bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir”.

Dövlət başçısı İlham Əliyevin Paris olimpiya və paralimpiya oyunlarında yüksək nəticələr göstərmiş idmançıları təltif etməsi də idmançılarımızın yeni qələbələrə ruhlandırılmasına xidmət edib. Müstəqillik dövründə olimpiyaçı adına layiq görülmüş idmançı və onların məşqçiləri Milli Olimpiya Komitəsinin xüsusi təqaüdlərini alır. Gənclər və İdman Nazirliyi, müxtəlif idman növləri üzrə federasiyalar tərəfindən idmançılarımıza qayğı göstərilir. Hər ilin yekunlarına görə, 20-dən çox idmançıya mənzillər və digər mükafatlar verilir, idman mütəxəssislərinə, məşqçilərə böyük yardımlar göstərilir. Dövlət başçısı lham Əliyev idmana yüksək qayğı nümunəsi kimi idmançılarımız üçün “Prezident təqaüdü” də təsis edib.

Prezident İlham Əliyevin idmançılarımızla səmimi görüşməsi, dəyərli tövsiyə və arzularını bildirməsi onların mənəvi cəhətdən ruhlandırılması, yeni qələbələrə həvəsləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu bir daha göstərir ki, Prezident İlham Əliyev MOK-un rəhbəri kimi ölkə idmanının inkişafı, idmançılarımızın hərtərəfli dövlət dəstəyi ilə əhatə olunmaları üçün bütün zəruri tədbirləri görür.

Bunlarla yanaşı, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə yeni idman obyektlərinin tikintisi, idmanın kütləviləşməsi naminə digər zəruri tədbirləri də reallaşdırmaq niyyətindədir.

MTM Analitik Qrup