
Müasir dövrdə hər bir dövlətin ideloji-siyasi təhlükəsizliyi həm də informasiya məkanının etibarlı mühafizəsi zərurətini meydana çıxarıb. Bu, ilk növbədə, dövlətin maraq və mənafelərinin qətiyyətli müdafiəsi, diplomatik-siyasi və təbliğati müstəvilərdə üstünlüyünün qorunub saxlanılması baxımından müstəsna əhəmiyyətli məsələdir.
Ermənistanın, eləcə də ermənipərəst dairələrin sosial şəbəkələrdə və rəqəmsal platformalarda ölkəmizə qarşı apardıqları ideoloji terrorun – informasiya təxribatlarının qarşısının alınması son dərcə vacibdir. Ölkəmizə qarşı hibrid savaşın elementləri kimi özünü göstərən bu qərəzli kampaniyanın eyni zamanda Qərbdəki anti-Azərbaycan qüvvələri tərəfindən aparılması təhdidlərin real miqyası ilə bağlı dolğun təsəvvür yaradır.
Bu kampaniya ilə paralel şəkildə ölkəmizin dövlət və media informasiya resurslarına qarşı müəyyən kiberhücumların mövcudluğu xüsusi narahatlıq doğurur. Cari ilin yanvar ayında Azərbaycanın bir sıra dövlət qurumlarının və media subyektlərinin saytlarına Fransa və Rusiya ərazisindən edilən kiberhücumların da ölkəmizə təsir göstərməyə çalışan qüvvələr tərəfindən təşkil olunduğu üzə çıxıb.
Ümumiyyətlə, 44 günlük İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirlərindən sonra ermənipərəst dairələrin əsasən sosial şəbəkələr, “Telegram” kanalı və xarici media vasitəsilə ölkəmiz haqqında yalan və iftira xarakterli məlumatlar paylaşması halları daha geniş vüsət alıb. Ermənistan və Fransa son iki ildə erməni əsilli şəxslərin ərazilərimizdən könüllü köçü, habelə arxivə gömülmüş Qarabağ separatçı rejiminin rəhbərlərinin Bakıda aparılan istintaq və məhkəmə prosesləri ilə əlaqədar saxta ajiotaj yaratmağa, beynəlxalq ictimaiyyəti çaşdırmağa, ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Bu baxımdan ölkəmizlə bağlı məqsədli informasiya manipulyasiyalarının neytrallaşdırılması və ictimai rəyin düzgün istiqamətləndirilməsi obyektiv çağırışlarla şərtlənir.
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının mayın 2-də keçirdiyi dinləmələr çərçivəsində verilən məlumatlar ölkəmizin anti-Azərbaycan qüvvələrinin informasiya təxribatlarına və kiberhücumlarına məruz qaldığını, eyni zamanda bu təhdidlərə qarşı ciddi mübarizə apardığını göstərir. Xatırladaq ki, ötən il qərəzli media kampaniyası çərçivəsində dünyanın ən azı 25 nüfuzlu, eləcə də 180-dək populyar olmayan media qurumu ölkəmizlə bağlı neqativ məlumat yayıb. Eyni zamanda, bu ildən Azərbaycana və xalqımıza qarşı müharibə cinayətləri törətmiş erməni əsilli şəxslərin “mühakiməsiz azad edilməsi” iddiası əsassız olaraq gündəmə gətirilib.
Aşkar görünür ki, Azərbaycanın dövlət suverenliyini bərpa etməsi, Ermənistanı sülhə məcburetmə tədbirlərinin real nəticələri, müstəqil daxili və xarici siyasət yürütməsi son 35 ildə “Qarabağ münaqişəsi”ndən siyasi alət kimi istifadə etməyə çalışan, hazırda bu mövzuda siyasi manipulyasiya imkanlarını itirən bir sıra dövlətləri və beynəlxalq təşkilatları narahat edir. Başqa sözlə, ölkəmizin son illərdə strateji hədəflərinə çatması, Cənubi Qafqazda daha güclü mövqe sahibinə çevrilməsi ümumən regiona kənar təsirlərin neytrallaşdırılması baxımından da səmərəli olub. Bu isə həmin dövlətləri və təşkilatları daha da qıcıqlandırır, onlar məkrli məqsədlərinə çatmaq üçün yeni vasitələr axtarırlar. Həmin qüvvələr bir tərəfdən Azərbaycana qarşı qarayaxma və böhtan kampaniyası aparır, digər tərəfdən isə Ermənistanı revanşizmə təhrik edərək, onu ölkəmizlə yeni savaşa sürükləməyə, yekun sülh sazişinin imzalanmamasına çalışırlar. Məqsəd həm də Cənubi Qafqazda proseslərin inkişaf axarına təsir göstərmək, bunun üçün yeni gərginliyin yaranmasına nail olmaqdır.
Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin müxtəlif xarici media qurumlarına müsahibələri, beynəlxalq tərbirlərdəki çıxışları ölkəmizə qarşı informasiya təxribatlarının qarşısının alınması, milli həqiqətlərin dünya arenasına çıxarılması baxımından son dərəcə əhəmiyyətli olub. Son illərdə rəsmi qonaqların, auditoriyaya təsir imkanları olan media qurumlarının, din xadimlərinin, QHT təmsilçilərinin, blogerlərin azad edilmiş ərazilərə müntəzəm səfərlərinin təşkili, onların müəyyən informasiyalara əyani çıxış imkanlarının yaradılması Ermənistanın ifşası baxımından uğurlu sayıla bilər.
Rəsmi Bakı Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini kütləvi şəkildə minalanması, yaşayış məskənlərini, tarixi-dini abidələri dağıtması, çayları, torpaq örtüyünü kimyəvi zəhərləməyə məruz qoyması, flora və faunanı məhv etməsi, habelə azərbaycanlı itkinlərlə bağlı çoxsaylı faktların müxtəlif beynəlxalq təşkilatların diqqətinə çatdırılmasına nail olub.
Rəsmi Bakının çevik və qətiyyətli hücum diplomatiyası, müstəqil xarici siyasəti xaricdən idarə olunan bədxah qüvvələrin məkrli maraqlarının, habelə hidrid təhdidlərin qarşısında ən ciddi maneədir. İlin əvvəlindən Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, ABŞ Konqresi və digər platformalarda səsləndirilən əsassız iddialar Qərbdəki kordinasiyalı anti-Azərbaycan kampaniyasının təzahürləri olsa da, həmişəki kimi fiaskoya uğrayıb.
MTM Analitik Qrup