Niderland hökumətinin səlahiyyət müddəti üçün planlarını əks etdirən proqramın “Beynəlxalq təhlükəsizlik” bölməsində Azərbaycan ərazilərinin azad olunması “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi göstərilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, həmin ölkədəki soydaşlarımız bunu ciddi narazılıqla qarşılayıb və Azərbaycan diaspor təşkilatları bəyanatlar verib. “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi Niderland parlamentinə görüş üçün müraciət ünvanlayıb, petisiya hazırlayıb.
Müraciət müsbət cavablandırılıb və Niderland Parlamentinin Xarici Ölkələrlə İş üzrə komissiyasının üzvləri Azərbaycan icması ilə görüşüb. Görüşdə Parlamentin müxtəlif partiyalardan olan üzvləri Raymond de Roon (PVV), Isa Kahraman (NSC), Doğukan Ergin (DENK) və komissiya sədri Jesse Klaver (GroenLinks-PvdA) iştirak edib.
Görüşdə Niderland dövlətinin, parlamentinin, mediasının Qarabağ münaqişəsi, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və Azərbaycan xalqına aid abidələrin dağıdılması ilə bağlı daha obyektiv mövqe tutmalı olduğu ifadə edilib. Ermənilərin öz qeyri-qanuni tikililərini dünya ictimaiyyətinə erməni mədəniyyətinin məhvi kimi təqdim etməsinə etiraz bildirilib. Həqiqətlərlə yerində tanışlıq üçün Parlament üzvləri Azərbaycana dəvət olunub.
Petisiyada Azərbaycan icmasının ermənilərlə və ümumilikdə Azərbaycan xalqının qonşu dövlətlərlə sülh şəraitində yaşamaq istədiyi, heç bir münaqişə arzusunda olmadığı vurğulanıb. Parlament üzvlərinin diqqətinə çatdırılıb ki, Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən Azərbaycanın tarixi mədəni irsinə qarşı törədilən dağıntılara, vandalizmə və saxtalaşdırmalara dünya ictimaiyyəti biganə yanaşıb. Eyni zamanda, Birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş, girov götürülmüş 4.000-ə qədər soydaşımızın taleyinin hələ də qaranlıq olduğu, aidiyyəti beynəlxalq təşkilatların buna ciddi reaksiya vermədiyi qeyd edilib.
Niderlandda yaşayan 15 minlik Azərbaycan icması adından parlament üzvlərindən petisiyada göstərilən bütün məsələlərin komissiyanın və parlamentin iclaslarında baxılması xahiş olunub.
Görüşün sonunda qeyri-rəsmi müzakirələr və danışıqlar davam edib. DENK Partiyasının nümayəndəsi Doğukan Ergin hər zaman Azərbaycan xalqının yanında olduqlarını və Azərbaycan əsilli Niderland vətəndaşlarını dəstəklədiklərini bildirib.
Parlamentin rəsmi internet səhifəsində həmin müraciətin qeydə alınması və görüş ilə bağlı məlumat yayımlanıb:
https://www.tweedekamer.nl/debat_en_vergadering/commissievergaderingen/details?id=2024A06861