AZƏRBAYCAN HEYƏTİNİN İRƏVANA SƏFƏRİ SÜLH GÜNDƏMİNƏ İCTİMAİ DƏSTƏKDİR

Cənubi Qafqazda son illərdə baş verən siyasi dəyişikliklər, xüsusilə də 2020-ci il Vətən müharibəsindən sonra formalaşan yeni reallıqlar Azərbaycan və Ermənistan münasibətlərində yeni mərhələnin əsasını qoyub. Bu mərhələdə dövlətlərarası diplomatiya ilə yanaşı, ictimai diplomatiya da ön plana çıxır. Məhz bu kontekstdə Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin İrəvana səfəri diqqətəlayiq hadisə kimi qiymətləndirilməlidir. Şübhəsiz ki, səfərin əsas məqsədi Azərbaycan və Ermənistan cəmiyyətləri arasında qarşılıqlı etimad mühitinin formalaşmasına, humanitar və sosial əlaqələrin bərpasına töhfə verməkdir. Çünki uzun illər davam edən münaqişə iki xalq arasında dərin psixoloji və emosional uçurum yaradıb. Rəsmi danışıqlardan fərqli olaraq, vətəndaş cəmiyyətləri arasında dialoq bu uçurumun yumşaldılmasına, tərəflərin bir-birini insani, mədəni və mənəvi müstəvidə yenidən tanımasına xidmət edir. Azərbaycan nümayəndə heyətinin İrəvana səfəri ilk növbədə sülh gündəminə ictimai dəstək kimi dəyərləndirilə bilər. Çünki sülh yalnız hökumətlər arasında imzalanacaq sənədlərlə deyil, xalqlar arasında qurulacaq etimadla möhkəmlənir.

Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları yekunlaşmasa da tərəflər arasında praktiki əlaqələrin bərpası istiqamətində mühüm addımlar atılır. Elə bu günlərdə Prezident İlham Əliyevin Qazaxıstana rəsmi səfəri zamanı uzun illərdən sonra Ermənistana yüklərin tranziti ilə bağlı qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını bəyan etməsi və bunun Ermənistan rəhbərliyi tərəfindən yüksək qiymətləndirilməsi də bu qəbildəndir. Bu baxımdan ictimai diplomatiyanın da rəsmi danışıqlara ciddi təkan verməsi məqbul hadisədir. Vətəndaş cəmiyyəti nümayəndələrinin, jurnalistlərin, tədqiqatçıların və ekspertlərin görüşləri yüksək səviyyəli danışıqlar üçün ictimai rəyin hazırlanması funksiyasını daşıyır. Azərbaycan nümayəndələrinin səfəri bu baxımdan rəsmi Bakının sülh gündəminə uyğun, lakin daha yumşaq və insani təmas forması kimi önə çıxır.

Nəzərə almaq lazımdır ki, Azərbaycan ictimaiyyətinin uzun illər ərzində İrəvanla hər hansı təmasdan uzaq qalması, Ermənistanın isə azərbaycanlıları “müharibə obrazı” çərçivəsində təqdim etməsi iki xalq arasında qarşılıqlı stereotipləri dərinləşdirib. Bu səfər həmin stereotiplərin tədricən dağıdılması istiqamətində ilk addımlardan biridir. Əgər əvvəllər təmas xətti fiziki baryer idisə, indi emosional və informasiya sərhədlərinin aradan qaldırılması zərurəti yaranıb. Bu baxımdan İrəvana edilən səfər yalnız bir humanitar təşəbbüs deyil, həm də mədəni psixologiyanın dəyişməsi prosesinin başlanğıcıdır.

Təbii ki, belə addımlar hər iki ölkədə müxtəlif reaksiyalar doğurur. Azərbaycanda bəzi dairələr səfəri “erkən yaxınlaşma” kimi qiymətləndirir, Ermənistanda isə bəziləri bunu “taktiki yumşalma” kimi görür. Lakin istənilən sülh prosesi ilkin mərhələdə mübahisələr və ziddiyyətlər fonunda formalaşır. Əsas məsələ bu təşəbbüslərin davamlı xarakter alması və qarşılıqlı təmasların sistemli şəkildə təşkilidir. Daha çox diqqət yönəldilməli məsələ belə səfərlərin formal xarakter daşımaması olmalıdır. Buna görə belə layihələrdə konkret nəticələrə yönəlmiş proqramlar – birgə seminarlar, təhsil və media layihələri, humanitar mübadilələr vacibdir.

Azərbaycan üçün bu səfər təkcə humanitar deyil, həm də geosiyasi baxımdan mühüm mesaj daşıyır. Bakı göstərir ki, sülh və əməkdaşlıq gündəminin təşəbbüskarı kimi çıxış edir, regionda müharibə yox, inteqrasiya yönümlü siyasət yürüdür. Bu, həm beynəlxalq imicə, həm də regiondakı iqtisadi layihələrin reallaşmasına müsbət təsir göstərir. Azərbaycanın sülh yönümlü addımları Orta Dəhliz, Zəngəzur marşrutu, regional kommunikasiya layihələri üçün də əlverişli mühit yaradır. Bu baxımdan vətəndaş cəmiyyətinin təşəbbüsləri dövlət siyasətinin ideoloji dayağını möhkəmləndirir. Odur ki, sülh təkcə imza ilə deyil, etimadla qurulur. Bu baxımdan Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin İrəvana səfəri Cənubi Qafqazda yeni ictimai düşüncənin başlanğıcı kimi dəyərləndirilə bilər.

MTM Analitik Qrup