“AZƏRBAYCAN HAVA YOLLARI” VƏ “TÜRK HAVA YOLLARI” BEYNƏLXALQ ASTRONAVTİKA KONQRESİNİN RƏSMİ AVİAŞİRKƏT TƏRƏFDAŞLARI ELAN EDİLİB

“Azərbaycan Hava Yolları” (AZAL) və “Türk Hava Yolları” oktyabrın 2-də və 6-da Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin rəsmi tərəfdaş aviaşirkətləri seçiliblər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİN) bildirilib ki, müqaviləyə əsasən tərəfdaş aviaşirkətlər Azərbaycana gələn qonaqlara aviabilet üçün sərfəli tariflər təklif edəcək. 100-ə yaxın ölkədən 6 mindən çox nümayəndənin bu tədbirdə iştirak edəcəyi nəzərdə tutulur.

“Azərkosmos”un İdarə heyətinin sədri Saməddin Əsədov bildirib ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi üçün dünya səviyyəli hava yollarının dəstəyi bizi çox sevindirir və bu, konqres iştirakçılarına ən yaxşı təcrübəni təqdim etmək üçün vacib məqamdır. Xidmət keyfiyyətinə görə beynəlxalq səviyyədə tanınan “Azərbaycan Hava Yolları” və “Türk Hava Yolları” konqres üçün mükəmməl seçimdir və bu, ölkəmizin dünya ölkələri ilə əlaqələrinin qurulmasına imkan yaradacaq.

“Mükəmməl logistika Beynəlxalq Astronavtika Konqresi üçün mühüm elementdir”, – deyə Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faytinger qeyd edib: “Aparıcı aviadaşıyıcılar – “Azərbaycan Hava Yolları” və “Türk Hava Yolları”nı konqresin tərəfdaşları olaraq görməkdən məmnunuq. Onlar gözəl Bakı şəhərində bizə qoşulmaqla beynəlxalq kosmos ictimaiyyətimizə dəstək olacaqlar”.

“Azərbaycan Hava Yolları” və “Türk Hava Yolları” dünyanın 120-dən çox ölkəsinə və 300-dən çox təyinat yerinə xidmət göstərən hava donanmasına malikdir.

“Bakı Konqresi qlobal kosmik tədbirdən zövq almaq üçün beynəlxalq ictimaiyyəti Bakı şəhərinə gətirmək, Azərbaycanın mədəniyyəti və adət-ənənələri ilə bağlı unikal və orijinal təcrübələri kəşf etmək üçün gözəl fürsət təqdim edir”, – deyə AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev bildirib.

“Türk Hava Yolları”nın icraçı direktoru Bilal Ekşi qeyd edib ki, kosmosla bağlı bu tədbirin bir hissəsi olmaqdan şadıq: “Göylərdə uçmağa gəldikdə isə kosmik tədbirə səyahət etmək üçün biz hər zaman sərnişinlərimizin buludların üstündə keçirdikləri vaxtdan zövq almasını təmin edirik. Bu tərəfdaşlıq sayəsində qardaş ölkəmiz Azərbaycanda Beynəlxalq Astronavtika Konqresinin bütün qonaqlarına öz üstün xidmətimizi təqdim edəcəyik”.

Xatırladaq ki, Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin iştirakçıları üçün onlayn qeydiyyat davam edir.

Bakıya səyahəti daha asan və həmçinin münasib qiymətə etmək məqsədilə 74-cü Beynəlxalq Astronavtika Konqresinin iştirakçıları üçün aviabilet və hotel seçimi ilə bağlı eksklüziv tariflər təklif edən vahid bronetmə platforması aktivdir.

Qrup qeydiyyatı ilə bağlı və yaxud hər hansı sualınız olduğu halda hospitality@iac2023.org elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.