AZƏRBAYCAN HƏRBİ QÜDRƏTİNİ ARTIRIR, SİLAHLI QÜVVƏLƏRİN ƏN MÜASİR TEXNİKALARLA TƏCHİZATI GENİŞ VÜSƏT ALIR

Müasir dünyada milli təhlükəsizlik məsələsi hər bir dövlətin siyasətində əvvəlki kimi əsas yerlərdən birini tutur. Eyni zamanda indiki dünya reallığı bir daha təsdiq edir ki, ölkənin müstəqilliyi, suverenliyi, iqtisadi inkişafı və beynəlxalq nüfuzu onun hərbi qüdrəti ilə birbaşa bağlıdır. Ordu və müdafiə potensialı ərazi bütövlüyünün qorunmasını təmin etməklə yanaşı, həm də xarici təhlükələrə qarşı çəkindirici amil rolunu oynayır, dövlətin beynəlxalq nüfuzunu gücləndirir, cəmiyyətin sabit inkişafına şərait yaradır. Azərbaycanın timsalında bunun ən yaxşı nümunələrindən birini görmək mümkündür. 

Ölkəmiz məhz hərbi qüdrəti və Silahlı Qüvvələrin Ali Baş Komandanının dəqiq strategiyası sayəsində 30 ilə yaxın davam edən Ermənistanın işğal siyasətinə son qoydu, ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Amma bütün bunlar Azərbaycana heç də arxayın olmağa əsas vermir. Əksinə, son illərin təcrübəsi bir daha təsdiq edir ki,  Silahlı Qüvvələr daim yüksək döyüş hazırlığında olmalı, onun maddi-texniki təminatı ən yüksək səviyyədə həyata keçirilməyə davam etməlidir. Tarix də göstərir ki, müdafiəyə lazımi diqqət yetirməyən ölkələr təcavüzkarların asan şikarına çevrilirlər.

Güclü ordu dövlətin suverenliyinin və müstəqilliyinin təminatçısıdır. Hərbi güc ölkəyə öz inkişaf yolunu müstəqil şəkildə müəyyən etməyə və milli maraqları qorumağa imkan verir. Azərbaycan da məsələyə məhz bu aspektdən yanaşır. Prezident İlham Əliyev Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinə köçən sakinlərlə görüşündə bir daha diqqətə çatdırıb ki, müxtəlif yerlərdə toqquşmalar, müharibələr, hərbi cinayətlər baş alıb gedir. Amma heç kim tam qələbə qazanmayıb. Ölkəmiz isə istisnadır. Dövlət başçısı qeyd edib ki, son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmayıb: “Müharibələr davam edir, daha böyük coğrafiyanı əhatə edir və yəqin ki, davam edəcək. Yəni, bax, bu siyasi məsələlərin inkişafı bunu göstərir. Tək yeganə ölkə bizik. Yeganə xalq bizik ki, tam Qələbə qazandıq, mütləq Qələbə qazandıq. Düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdik və eyni zamanda, sülhün təminatçısı da Azərbaycandır. Biz düşməndən qisasımızı döyüş meydanında aldıq… Biz istəmirik ki, müharibə olsun. Biz sülh istəyirik…Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, – sayını demək istəmirəm, amma böyük sayda, – xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb”.

Dövlət başçısı onu da qeyd edib ki, pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib: “İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük – dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq… Keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq. Əminəm ki, bütün bu amillər imkan verəcək ki, üstünlük hər zaman bizdə olsun. Bu gün bunu yenə də deyirəm, biz qalib xalq kimi bəyan edirik… Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim “dəmir yumruğ”umuzu hər kəs görəcək”.

Beləliklə, Azərbaycan istənilən təhdidə cavab vermək üçün əvvəlki qaydada ordusunu, digər Silahlı Qüvvələrini ən yüksək səviyyədə döyüş hazırlığında saxlayır. Eyni zamanada Silahlı Qüvvələrin modern texnika ilə təminatı istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirilir. Bütün bunlar bütün subyektlər tərəfindən, o cümlədən cəmiyyətinin müəyyən kəsimi revanşist hisslərlə yaşayan Ermənistanda da nəzərə alınır. Həmin subyektlər bildirir ki, Azərbaycan istənilən təhdidi uğurla məhv etməyə və sarsıdıcı zərbələr endirməyə qadirdir. Ölkəmizin malik olduğu yüksək səviyyəli hərbi güc anti-Azərbaycan mövqeyində olanlar üçün çəkindirmə sisteminin əsas elementi kimi çıxış edir. Dövlət təhlükə olmadan güc tətbiq etməyi planlaşdırmasa belə, müasir silahların və döyüşə hazır ordunun olması potensial düşmənlər üçün siqnaldır: təcavüz layiqli cavabla qarşılanacaq. Beləliklə, Azərbaycan və ümumən dünya təcrübəsi göstərir ki, güclü ordu hərbi münaqişələrin baş vermə ehtimalını azaldır, sülhün, sabitliyin  qorunmasına kömək edir.

Daha bir mühüm faktor odur ki, beynəlxalq münasibətlərdə müdafiə qabiliyyəti yüksək olan dövlətlər daha mühüm yer tutur. Hərbi güc ölkənin diplomatik mövqeyini möhkəmləndirir, ona danışıqlarda milli maraqları müdafiə etməyə, regional və qlobal təhlükəsizliyin formalaşmasında iştirak etməyə imkan verir. Qeyri-sabitlik şəraitində ədalətli dünya nizamının təminatçısı olan məhz güclü ölkələrdir. Bundan əlavə hərbi gücün iqtisadi aspekti də diqqətdən yayınmamalıdır. Məsələ burasındadır ki, güclü ordu iqtisadi sabitliyin də qorunmasını təmin edir. Sərhədlərin təhlükəsizliyi, strateji resurslara nəzarət, nəqliyyat dəhlizlərinin və kommunikasiyaların mühafizəsi birbaşa iqtisadi rifaha təsir göstərir. Bundan əlavə, müdafiə sənayesi iş yerləri yaradır, sənaye istehsalının və elmi tədqiqatların inkişafına kömək edir.

Ordu həm də xalq üçün mənəvi dayaqdır. Vətənin qorunduğunun dərk edilməsi vətəndaşlarda gələcəyə inamı gücləndirir, vətənpərvərlik hissini artırır. Güclü ordu öz ölkəsində qürur hissi yaradır, gənc nəsli Vətənə xidmətə sövq edir. Yenə Azərbaycan bunun ən yaxşı nümunələrini yaratmış ölkələr sırasında yer alır.

Yuxarıda qeyd edildiyi kimi müasir çağırışlar silahlı qüvvələrin daim təkmilləşdirilməsini tələb edir. Texnoloji inkişaf təhdidlərin yeni formalarının – kiberhücumların, pilotsuz sistemlərin, hibrid müharibələrin yaranmasına gətirib çıxarır. Ona görə də hərbi qüdrətin yüksək səviyyədə saxlanılması silahların modernləşdirilməsini, şəxsi heyətin peşəkar hazırlığını və müdafiə infrastrukturunun gücləndirilməsini əhatə edən davamlı prosesdir və ölkəmizin yanaşması da məhz bundan ibarətdir.

Beləliklə, hərbi qüdrətin yüksək səviyyədə saxlanılması hər bir dövlət, o cümlədən də Azərbaycan üçün həyati vəzifədir. Məhz buna görə də ordunun döyüş hazırlığına, onun müasirləşdirilməsinə və kadr hazırlığına qayğı dövlət siyasətinin prioritet istiqaməti olaraq qalır. Bütün bunlar o deməkdir ki, Azərbaycan hərbi cəhətdən də getdikcə daha qüdrətli ölkəyə çevriləcək.

MTM Analitik Qrup