AZƏRBAYCAN HƏRBÇİLƏRİ QAZAXISTANDA DÖYÜŞ TƏCRÜBƏSİNİ BÖLÜŞÜRLƏR

Almatıda “Altın kıran – 2024” beynəlxalq taktiki-xüsusi təlimlərin açılışı olub.

Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, təlimlərdə Azərbaycandan 50-dən çox hərbi qulluqçu iştirak edir. Onlar qazaxıstanlı desantçılarla birlikdə dağlıq ərazidə kəşfiyyat tapşırıqlarını yerinə yetirəcəklər.

Qazaxıstan Hava Desant-Hücum Qoşunlarının və Azərbaycan Respublikası Əlahiddə Ümumqoşun Ordusunun taktiki-xüsusi təlimləri ilk dəfə keçirilir.

Azərbaycan hərbçiləri müasir silahlı münaqişələrdə əldə etdikləri real döyüş təcrübəsini bölüşəcəklər.

Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hava Desant-Hücum Qoşunlarının qərargah rəisi və komandanın birinci müavini, polkovnik Almas İsabekov hər iki ölkənin hərbi qulluqçuları qarşısında çıxışı zamanı vurğulayıb: “Birgə təlimlər zamanı biz dağlıq səhra ərazilərində kəşfiyyat əməliyyatlarının aparılması, qanunsuz silahlı birləşmələrin axtarışı və məhv edilməsində döyüş potensialının inkişafı üzrə yüksək nəticələr əldə etməliyik. Məqsədimiz hərbi birliyi gücləndirməkdən ibarətdir”.

Azərbaycan ordusunun şəxsi heyəti bütün lazımi silah və texnika ilə təmin olunub.

Təlimlərin rəhbəri, Hava Desant-Hücum Qoşunlarının komandanı, general-mayor Almaz Cumakeyevin planına əsasən, hərbi qulluqçular birləşmiş qoşun birləşmələrinin tərkibində kəşfiyyat tapşırıqlarını yerinə yetirəcəklər.

Açılış mərasimindən dərhal sonra hərbi qulluqçular maşınlarda təlimlərin keçirildiyi əraziyə 300 kilometrlik yürüş ediblər.

Hər iki ölkədən üç yüzdən çox hərbi qulluqçunun iştirak etdiyi “Altın kıran – 2024” beynəlxalq taktiki-xüsusi təlimləri avqustun 20-dən 23-dək Qazaxıstanın Jetısu rayonundakı “Koktal” poliqonunda keçiriləcək.