Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana işgüzar səfərinin yekunları ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini, regional və beynəlxalq əməkdaşlıq, təhlükəsizlik baxımından mühüm nəticələr verdiyini bir daha təsdiqləyib. Ümumiyyətlə, iki ölkə arasında yüksək səviyyəli görüşlərin intensivləşməsi, qarşılıqlı səfərlər Azərbaycan və Gürcüstanın Cənubi Qafqaz regionunda reallaşdırılan və transmilli əhəmiyyətə malik olan layihələrin əsas təşəbbüskarları olduqlarını bir daha təsdiqləyir.
Münasibətlərin dərin tarixi zəminə söykənməsi –coğrafi mövqe, həmsərhəd ölkə olmaları, birgə reallaşdırdıqları layihələr, mədəni-humanitar əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq, Gürcüstanda azərbaycanlıların, Azərbaycanda gürcülərin sıx yaşamaları iki dövlət arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində vacib rol oynayıb. Azərbaycan və Gürcüstanın coğrafi baxımdan yerləşdikləri Cənubi Qafqaz regionunda həlledici rola malik olmaları, qlobal enerji-kommunikasiya layihələrinin reallaşdırılmasında iştirak etmələri ikitərəfli əlaqələrin strateji əhəmiyyətini daha da artırır.
Hazırda hər iki ölkənin birgə həyata keçirdikləri enerji və kmmunikasiya layihələri xüsusilə də Avropa İttifaqı ölkələri üçün müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü, Gürcüstan və Türkiyənin iştirakı ilə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi neft-qaz kəmərləri Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir. 3 ildən çoxdur ki, davam edən Rusiya-Ukrayna müharibəsi fonunda bu layihələr Qərb üçün xüsusilə mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşü zamanı bu məqama xüsusi diqqət ayırıb: “Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi – ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir”.
Azərbaycan Gürcüstan üçün qlobal investor olmaqla yanaşı, qonşu ölkənin təbii qaz və avtomobil yanacağı ilə təminatında da dominant mövqeyə malikdir. İndiyədək Gürcüstan Azərbaycan iqtisadiyyatına 100 milyon dollara yaxın, Azərbaycan isə Gürcüstana 3,5 mlrd. ABŞ dollarından çox investisiya yatırıb. Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz son 10 ildə birinci yerdədir. SOCAR-ın qonşu ölkədə reallaşdırdığı layihələrin – inşa etdirdiyi yanacaqdoldurma məntəqələrinin və qaz borusu şəbəkələrinin əhəmiyyətini xüsusi qeyd etmək lazım gəlir.
2022-ci ilin dekabr ayında Rumıniyada imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” hər iki Cənubi Qafqaz ölkəsinin qlobal əməkdaşlığında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Azərbaycan yaxın illərdə Avropa ölkələrinə, eyni zamanda, elektrik enerjisi nəql edəcək. Gürcüstan bu layihənin də əsas iştirakçılarından biridir.
Hazırda Gürcüstan Azərbaycanın Avropaya, Azərbaycan isə Gürcüstanın Asiyaya açılan tranzit qapısı rolunu oynayır. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti hər iki dövlətin maraq dairəsində olan Orta Dəhliz layihəsi ilə yükdaşımaların həcminin ildən-ilə artırılmasına imkan yaradır. İki ölkənin müvafiq qurumları Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi, onun imkanlarının artırılması istiqamətində də səmərəli müzakirələr aparır.
Ölkələrimiz regional və beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, maraq və mənafeləri ilə bağlı məsələlərdə bir-birilərinə ciddi dəstək verirlər. İstər ikitərəfli görüşlərdə, istərsə də beynəlxal platformalarda Azərbaycan daim Gürcüstanın ərazi bütövlüyünü müdafiə edib, etibarlı və sadiq qonşu olduğunu sübut edib. Bundan əlavə, Gürcüstan münaqişənin davam etdiyi 30 il ərzində, 44 günlük Vətən müharibəsi və postmüharibə dövründə Azərbaycanın maraqlarına zidd hansısa addım atmayıb. Qonşu ölkə müharibə dövründə quru ərazisi və hava məkanı üzərindən Ermənistana silah və hərbi texnika daşınmasına yol verməyib.
Azərbaycanın Gürcüstanla ikitərəfli əsasda hərbi əməkdaşlığının son illər yüksələn xətlə inkişafı da xüsusi qeyd edilməlidir. 2023-cü il oktyabrın 2-də Milli Məclisdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq Sazişini təsdiq edib. Sazişin əsas məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlığı təşviq etmək və möhkəmləndirmək, eləcə də tərəflərin qəbul etdikləri hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün praktiki çərçivəni təmin etməkdir.
Həyata keçirilən beynəlxalq və regional layihələr Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafına təkan verməklə yanaşı, Cənubi Qafqaz regionunun dünya siyasəti üçün əhəmiyyətli regionlardan birinə çevrilməsinə şərait yaradıb. Bu layihələrin ölkələrin müstəqilliklərinin möhkəmlənməsi, iqtisadiyyatlarının çiçəklənməsi və Cənubi Qafqazın beynəlxalq çəkisinin artmasında müstəsna rolu var.
MTM Analitik Qrup