AZƏRBAYCAN GÜLƏŞÇİSİ BEYNƏLXALQ TURNİRDƏ HAQSIZLIĞA MƏRUZ QALIB

Sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Nürəddin Novruzov Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində haqsızlığa məruz qalıb.

Bu barədə 61 kiloqram çəki dərəcəsində çıxış edən idmançının özü məlumat verib.

O, ukraynalı Andrey Celeplə yarımfinal görüşündə hakimlərin ədalətsiz qərarına görə uduzduğunu bildirib: “Rəqibə qalib gəldiyimi düşünürdüm, ancaq referilər qələbəni ukraynalı güləşçiyə verdilər. Məşqçilər də etiraz etdilər, lakin faydası olmadı. Hətta görüş başa çatdıqdan sonra Azərbaycan Güləş Federasiyasının nümayəndələri hakimlərdən epizodun təkrarına yenidən baxılmasını istədilər. Sonda sübut olundu ki, xal mənə verilməliydi. Buna görə də həmin referilər turnirdən kənarlaşdırıldılar. Amma artıq gec idi. Finala rəqibim vəsiqə qazanmışdı”.

N. Novruzov daha əvvəl gənclər arasında Avropa və dünya çempionatlarında da hakim səhvləri ilə üzləşdiyini söyləyib: “Bir dəfə dünya çempionu olmağa yaxın idim, ancaq orada da hakimlər yanlış qərar verdilər. Bu cür hadisə Avropa çempionatında da yaşanmışdı”.

Qeyd edək ki, Nürəddin Novruzov reytinq turnirini bürünc medalla başa vurub.