AZƏRBAYCAN GİMNASTLARI PORTUQALİYADAKI TURNİRDƏ FİNALA YÜKSƏLİBLƏR

Azərbaycan gimnastları Portuqaliyanın Santarem şəhərində keçirilən “Scalabis Cup” beynəlxalq yarışında finala yüksəliblər.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Ayan Şabanova (batut gimnastikası), Abbasov Hüseyn və Ömər Qasımlı (hər ikisi ikili minibatut) həlledici mərhələdə iştirak hüququ qazanıblar.

Daha əvvəl yığmanın heyətində İbrahim Mustafazadə, Əli Niftəliyev və Fərhad Vəliyev komanda hesabında yüksək nəticə əldə edərək bürünc medala yiyələniblər.

Ötən gün start götürən turnirə iyulun 13-də yekun vurulacaq.