AZƏRBAYCAN GİMNASTLARI MİLANA ƏLİYEVA VƏ NİZAM XAMİDULİN AKROBATİKA GİMNASTİKASI ÜZRƏ DÜNYA YAŞ QRUPLARI YARIŞLARINDA FİNALA ÇIXIB

Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarında Milana Əliyeva və Nizam Xamidulin 12-18 yaş kateqoriyasında qarışıq cütlüklər arasında finala çıxıb.

Gimnastlar iki hərəkətin cəmində 54,100 xal yığaraq üçüncü yerdə qərarlaşıb.

Finala həmçinin Roni Ravid və Yuval Sasson (54,500 xal, İsrail), Riana Latıpova və Vitali Pleşkov (54,400 xal, Rusiya), Edoardo Ferraris və Arianna Luka (53,000 xal, İtaliya), Tobias Kuper-Drayver və Anisa Arumuqam (52,630 xal, Böyük Britaniya), Joao Karreyra və Matilda Krus (52,430 xal, Portuqaliya), Lük Rombuts və Marel Vinstra (52,310 xal, Niderland), Lolita və Mark Dub (52,260 xal, Qazaxıstan) cütlükləri vəsiqə qazanıb.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.