Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatında çıxış edən Azərbaycan gimnastları Ağasif Rəhimov və Raziyə Seyidli qarışıq cütlüklər arasında balans hərəkətlərində finala vəsiqə qazanıb.
Cütlük 28,760 xal toplayıb.
Onlar təsnifat mərhələsini birinci yerdə başa vurublar.
Finala, həmçinin, Böyük Britaniya, Belçika, Almaniya, İsrail və Portuqaliya cütlükləri vəsiqə qazanıb.
Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçiriləcək. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edəcək.
4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.
Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edir. Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparacaqlar.
Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika gimnastikası üzrə Dünya kubokuna, bu il martın 3-dən 6-dək isə bu növ üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edib.