Azərbaycan Gimnastika Federasiyası (AGF) beynəlxalq yarışlar mövsümünə batut gimnastikası üzrə dünya kuboku yarışı ilə start verəcək. Fevralın 12-13-də Milli Gimnastika Arenasında keçiriləcək yarışda 14 ölkədən 63 idmançının iştirakı gözlənilir.
AGF xəbər verir ki, dünya kuboku yarışına qatılmaq məqsədilə ölkəmizə səfər edəcək batutçular iki gün ərzində Beynəlxalq Gimnastika Federasiyasının yeni qaydaları əsasında mübarizə aparacaqlar. Yarışların ilk günü təsnifat mərhələsi, ikinci günü isə kişilər arasında ikinci təsnifat və final mərhələləri (kişilər və qadınlar) keçiriləcək.
Qeyd edək ki, yeni Olimpiya dövründə batut gimnastikası üzrə yarışlarda təsnifat mərhələsində 31-dən artıq iştirakçı olduqda ikinci təsnifat mərhələsi keçirilir. Yarışların miqyası və iştirakçıların sayından asılı olaraq ikinci təsnifatda müvafiq olaraq 16 və ya 24 iştirakçı olur.
Azərbaycanı bu yarışda yığma komandanın üzvü Selcan Mahsudova təmsil edəcək.
Qeyd edək ki, batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda beşinci dəfə təşkil olunacaq.
Budəfəki yarışın iştirakçıları arasında Belarus təmsilçiləri, “Rio-2016” Yay Olimpiya Oyunlarının qızıl medalçısı, ikiqat Avropa çempionu, Avropa Oyunlarının qalibi, dünya çempionu Vladislav Qonçarov, “Tokio-2020” Yay Olimpiya Oyunlarının qalibi İvan Litvinoviç, beşqat dünya və beşqat Avropa çempionu Oleq Ryabtsov, Rusiya təmsilçisi, dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu Yana Lebedeva, İsveç təmsilçisi, üçqat dünya və Avropa çempionu Lina Sjoberq, Avstriya təmsilçisi, yeniyetmələr arasında Olimpiya Oyunlarının bürünc mükafatçısı Benni Vizani, Gürcüstan təmsilçisi, Avropa Oyunlarının gümüş mükafatçısı Qolovina Lyuba da yer alıblar.
Qeyd edək ki, idmansevərlər batut ulduzlarının təqdimatında maraqlı mübarizəni “İdman TV” kanalı vasitəsilə canlı izləyə biləcəklər.
Yarışların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.