
Fransanın hələ də davam etdirdiyi müstəmləkə siyasətinin dəhşətli nəticələrinə qarşı Azərbaycanın liderliyi ilə yeni mübarizə mərhələsinin başlanması bu Avropa ölkəsində getdikcə daha böyük təşvişə səbəb olmaqdadır. Elə bu səbəbdəndir ki, Fransa müstəmləkə əsarətində saxladığı ərazilərdə başlanan azadlıq mübarizəsinə görə daha çox Azərbaycanı ittiham etməyə çalışır. Fransa rəsmilərinin, qanunverici orqanının təmsilçilərinin, media orqanlarının, müxtəlif ekspert dairələrinin Azərbaycana qarşı böhtan və iftira kampaniyası da bütün bunların faktiki təzahürləridir.
Azərbaycanın beynəlxalq hüququ müdafiə etməsi, Fransa neokolonializmdən əziyyət çəkən ölkələrlə, xalqlarla həmrəylik nümayiş etdirməsi rəsmi Paris üçün olduqca həssas bir məsələyə çevrilib. Bunu şərtləndirən səbəb həm də odur ki, Azərbaycanın Fransa zülmünə qarşı tutduğu qətiyyətli mövqe öz nəticəsini verir, azadlığına qovuşmaq istəyən xalqlarda böyük ümidlər yaradır. Hadisələrin bu səpkidə inkişafı Fransanın mövcud hakimiyyətinin narahatlığını sürətlə artırır. Elə bu kontekstdə Azərbaycanın ünvanına əsassız ittihamların səsləndirilməsi də davam edir. Bunu Fransanın dənizaşırı ərazilər naziri Manuel Valsın iddiaları fonunda növbəti dəfə müşahidə etmək mümkündür.
O, Yeni Kaledoniyaya səfəri zamanı Sakit okeanda yerləşən bu arxipelaqın Fransa əsarəti nəticəsində üzləşdiyi problemlərə diqqət çəkmək əvəzinə Azərbaycana yönəlik heç bir fakta söykənməyən ittihamlar səsləndirməklə vəziyyətdən çıxmağa çalışıb. Manuel Valsın sərsəmləmələrinə əsasən, guya Azərbaycan Yeni Kaledoniyada müstəqillik çağırışlarını dəstəkləməklə sabitliyi pozur. Halbuki, Yeni Kaledoniya əhalisi çoxdan Fransa əsarətindən xilas olmağa, müstəqilliyə can atır. Amma Fransa bu hüququ görməzdən gəlir, müstəqillik uğrunda mübarizə aparanlara qarşı ən sərt repressiv metodlar tətbiq edir. Prezident İlham Əliyev ötən il baş tutan COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı zamanı buna bir daha toxunaraq qeyd edib ki, Yeni Kaledoniya və Fransa Polineziyası BMT-nin qərarı ilə özünü idarə edən ərazilər kimi bəyan ediliblər. Lakin orada müstəmləkə qaydaları yenə də yaşanır. Dənizaşırı ərazilərdə olan cinayətlərə toxunan Azərbaycan Prezidenti Fransa tərəfindən insan hüquqlarının pozulması hallarının baş verdiyini, Yeni Kaledoniyada nümayişlər zamanı Makron rejimi tərəfindən çox sayda vətəndaşın qətlə yetirildiyini və yaralandığını bildirib. Lakin Fransa törətdiyi cinayətləri etiraf etmir və bunu Manuel Valsın açıqlamaları da təsdiq edir.
Onun dediklərindən belə çıxır ki, Azərbaycanın müstəmləkə altında olan xalqların müdafiəsi üçün fəaliyyəti Fransaya zərər verir. Yeni Kaledoniya və digər Fransa müstəmləkələrində də xalqların hüququnun müdafiəsi istiqamətində Azərbaycanın atdığı addımlara bundan əvvəl Fransa prezidenti Emmanuel Makron daxil olmaqla sözügedən ölkələrin digər rəsmiləri də reaksiya veriblər. Makron iddia edib ki, “Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb”. İndi bu yanaşma Manuel Vals tərəfindən davam etdirilir.
Azərbaycan Manuel Valsın ittihamlarına artıq müvafiq cavab verib. Xarici İşlər Nazirliyi bildirib ki, iflasa uğramış xarici siyasətindən dərs çıxarmaq əvəzinə, ölkəmizi əsassız iddialarla günahlandırmaqla düşdüyü vəziyyətdən ictimai diqqəti yayındırmağa çalışan Fransa tərəfinin səsləndirdiyi fikirləri qətiyyətlə rədd edirik. Qeyd olunub ki, Fransadan fərqli olaraq, öz xarici siyasətində və bütün addımlarında beynəlxalq hüququn əsas norma və prinsiplərini rəhbər tutan Azərbaycanı əsassız yerə günahlandıran bu ölkənin özünün müstəmləkəçilik keçmişini davam etdirmək naminə müxtəlif ölkə və xalqlara qarşı atdığı qeyri-demokratik addımlarını unutmasına baxmayaraq, onları hər kəs yaxşı xatırlayır: “Cənubi Qafqazda sülh üçün yaranmış tarixi imkanlar fonunda Fransanın çıxış etdiyi mövqeyə, habelə Ermənistanı silahlandırmaqla bölgədə yeni eskalasiya törətmək cəhdlərinə baxmaq kifayətdir ki, əslində kimin həqiqətən də “xarici müdaxilə” ilə məşğul olduğu aydın olsun. Qəribədir ki, Azərbaycanı “etnik təmizləmə”də ittiham edən Fransa tərəfi, keçmiş münaqişənin həllinə məsul olan Minsk prosesinin həmsədrlərindən biri olması və bu ölkənin heç zaman Ermənistanın işğal siyasəti nəticəsində 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsini qınamaması fonunda, könüllü surətdə Azərbaycanın Qarabağ bölgəsini tərk edən insanların guya “etnik təmizləməyə” məruz qalmasını iddia etməsi riyakarlıqdan və öz maraqları naminə faktların təhrifindən başqa bir şey deyil. Fransa tərəfindən ölkəmizə qarşı bu əsassız yalan kampaniyasını dayandırmağı tələb edirik”.
Qeyd edilməlidir ki, hazırda Fransanın əsarətində olan xalqlar arasında Azərbaycana böyük rəğbət var. Bu, Yeni Kaledoniyada da özünü qabarıq büruzə verir. Daha bir mühüm nüans odur ki, artıq Fransa neokolonializmdən əziyyət çəkən ölkələrin və xalqların həmrəy şəkildə müstəmləkəçiliyə qarşı mübarizə apardıqları müşahidə olunur. Onların təşkilatlanmasında, müstəmləkəçilik probleminin tarixin arxivinə qovuşması üçün fəaliyyətin genişlənməsində Azərbaycan lider mövqe nümayiş etdirir. Yeni Kaledoniyaya gəlincə, o, 1986-cı ildən BMT-nin qeydiyyatından keçmiş ölkələrdən biridir. 20 min kvadratkilometr əraziyə malik olan Yeni Kaledoniya adası Sakit Okeanda Avstraliya ilə Yeni Zelandiyanın arasında yerləşir. Keçən əsrin 80-ci illərindən etibarən Yeni Kaledoniya sakinləri azadlıq mübarizəsi aparır və Fransa müstəmləkəçiliyinə son qoymağa çalışır. BMT tərəfindən açıq formada qeyd olunub ki, burada Fransa müstəmləkəçiliyinə son qoyulmalıdır. Amma Fransa buna da əməl etmir. Bununla belə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılan Bakı Təşəbbüs Qrupunun fəaliyyəti fonunda Fransanın müstəmləkəçilik siyasəti, onun ağır nəticələri beynəlxalq gündəmdə saxlanılır. Proseslər sonda Fransanın müstəmləkəçilik imperiyasının da yıxılacağının qaçılmaz olduğunu göstərir.
MTM Analitik Qrup