AZƏRBAYCAN FİLMLƏRİ BİRİNCİ “KORKUT ATA” TÜRK DÜNYASI BEYNƏLXALQ FİLM FESTİVALINDA GENİŞ TƏMSİL OLUNUB


Azərbaycan filmləri noyabrın 8-dən 12-dək İstanbulda keçirilən birinci “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalında geniş təmsil olunub.
Festival çərçivəsində keçirilən mükafatlandırma mərasimində türk mədəniyyəti və incəsənətinin inkişafına verdiyi töhfələrə görə Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevaya “Şərəf mükafatı” təqdim olunub.
Mükafatı Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy təqdim edib.
Arzu xanım Əliyeva Bakı Media Mərkəzini bu yüksək mükafata layiq gördüklərinə görə festival rəhbərliyinə təşəkkürünü bildirib: “Azərbaycandan ən xoş arzuları sizə çatdırıram. Bu yüksək mükafatı almaq mənim üçün böyük şərəfdir. Buna görə sizə dərin təşəkkürümü bildirirəm. Festivalda təqdim olunan “BİZ” filmi Qarabağ Zəfərinə həsr olunub.
“Korkut Ata” mükafatını bizə verməklə Türk dünyası Azərbaycana bir daha öz dəstəyini göstərir. Yaşasın, Türkiyə-Azərbaycan birliyi, Qarabağ Azərbaycandır!”.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivala ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan 100-dən artıq kinematoqrafçı, ümumilikdə isə 1000-dən çox qonaq qatılıb.
Azərbaycanın milli film sənayesinin də geniş təmsil olunduğu tədbirdə ölkəmizdə audiovizual məhsulların istehsalı sahəsində aparıcı mövqeyə sahib Bakı Media Mərkəzinin “Miras”, “Sonuncu” və “BİZ” filmləri festivalın geniş auditoriyasına təqdim edilib.
Türk dövlətlərinin istehsalı olan 40-dan artıq filmin nümayiş etdirildiyi festivalın əsas məqsədlərindən biri ortaq audiovizual məkan yaratmaq və türk dünyasının bu məkana inteqrasiyasına töhfə verməkdir. “Korkut Ata” Festivalının gələcəkdə Türk dünyasının əsas kino tədbirinə çevrilməsi, bu proses çərçivəsində Türk Dünyası Kino Birliyinin yaradılması, həmçinin Türkiyə və Azərbaycan tərəfinin təklifinə əsasən, növbəti “Korkut Ata” Türk Dünyası Film festivallarının türkdilli ölkələrin müxtəlif şəhərlərində, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.
Festival çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın mədəniyyət nazirlərinin iştirakı ilə birgə bəyanat imzalanıb. Bəyanatda “Korkut Ata” Türk Dünyası Film Festivalının gələcəkdə qeyd olunan ölkələr tərəfindən davamlı olaraq keçirilməsi, sözügedən türk dövlətləri arasında kino sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən kino sənayesinə dəstək göstərən birgə fondun yaradılması, müştərək filmlərin çəkilməsi, təhsillə əlaqədar ortaq layihələrin həyata keçirilməsi kimi məsələlər nəzərdə tutulur.
İmzalanma mərasimində çıxış edən Azərbaycanın mədəniyyət naziri Anar Kərimov festivalın keçirilməsinə görə Türkiyə dövlətinə təşəkkürünü bildirib.
Qeyd edilib ki, bu festival ortaq adət-ənənə, mədəniyyət və bir çox digər dəyərlərimizin nəinki türk dövlətlərində, eləcə də bütün dünyada tanıdılmasına vəsilə olacaq. Bu bəyanatla film və serial sahəsində əməkdaşlığımız güclənəcək və birgə layihələrə imza atacağıq.
Anar Kərimov 2023-cü ildə təşkil olunacaq festivalın Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcəyini bildirib.
Təqdimetmə mərasimində türkdilli dövlətlərin milli rəqsləri ifa edilib, festivalın tanıtım videoçarxları nümayiş olunub.
Mərasimdə çıxış edən Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy burada verilən ən sevindirici xəbərin festivalın 2023-cü ildə Azərbaycan tərəfindən Şuşada, sonra da digər ölkələrdə keçirilməsi ilə bağlı alınan qərarın olduğunu bildirib.
Sonra digər mükafatlar təqdim olunub.
Daha sonra “BİZ” filmi təqdim edilib.
Festivalda sənədli və bədii film kateqoriyalarında mükafatlar təqdim edilib. “Ən yaxşı bədii film” mükafatı Azərbaycan filminə verilib. Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi “Ən yaxşı bədii film” seçilib.