
Cənubi Qafqazda uzun illərdir davam edən geosiyasi qarşıdurmalar, etimadsızlıq və qapalı sərhədlər fonunda ictimai diplomatiyanın yenidən gündəmə gəlməsi region üçün önəmli strateji hadisədir. Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov açıqlama verib ki, ilin sonuna qədər Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycana səfəri planlaşdırılır, həmçinin gələcək altı ay ərzində Azərbaycan nümayəndə heyətinin də Ermənistanın müxtəlif regionlarına səfərləri gözlənilir. Bu təşəbbüs oktyabrın 22-də İrəvanda təşkil olunmuş iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin dəyirmi masası ilə paralel gedir və həmin görüşlərin davamlı prosesə çevrildiyini göstərir.
Mövcud vəziyyət təhlil edilərkən həm regional dinamikalar, həm psixoloji baryerlər, həm də beynəlxalq aktorların maraqları diqqətdə saxlanmalıdır. Vəziyyətə nəzər salanda onu da görürük ki, ümumilikdə sülh prosesi iki istiqamətdə inkişaf edir. Birincisi, rəsmi hökumət danışıqları, sərhəd delimitasiyası, yekun sülh sazişinin hazırlanması kimi addımları əhatə edir. Azərbaycanla Ermənistan arasında Brüssel və Vaşinqton formatlarında keçirilən görüşlər bu kateqoriyaya daxildir. İkincisi də vətəndaş cəmiyyəti liderlərinin, ekspertlərin, jurnalistlərin, gənclər təşkilatlarının, elm və mədəniyyət xadimlərinin təmaslarıdır. Bu tip dialoqların əsas məqsədi qarşılıqlı etimadı artırmaq, uzun illər uydurulan stereotipləri zəiflətmək, sülh sazişinin cəmiyyətlər tərəfindən qəbulunu asanlaşdırmaqdır. Hazırkı proses Azərbaycan nümayəndələrinin İrəvana, Ermənistan nümayəndələrinin isə qarşıdakı dövrdə Bakıya səfəri məhz ikinci xəttin gücləndiyini göstərir. Bu həm də dövlətlərarası münasibətlərin normallaşmasında tamamlayıcı element kimi çıxış edir.
Fərhad Məmmədov onu da deyib ki, səfərlər ancaq İrəvanla məhdudlaşmayacaq, Ermənistanın ayrı-ayrı regionlarına da ediləcək. Bunun bir neçə strateji mənası var. Əvvala regionlarda ictimai rəy daha kəskindir. Ermənistanın paytaxtdan kənar bölgələri 30 illik təbliğatın təsirinə daha çox məruz qalıb. Azərbaycan nümayəndələrinin bu ərazilərə səfəri birbaşa emosional baryerlərin yumşalmasına xidmət edə bilər. Digər tərəfdən münaqişə sonrası dövrdə periferiyanın rolunun artırılmasıdır. Yəni sülh yalnız paytaxt kabinetlərində baş vermir, o, kəndlərdə, sərhədyanı ərazilərdə, real təmas nöqtələrində bərqərar olur. Bakı-İrəvan xəttindən kənara çıxmaq həm də sülh prosesini daha geniş ictimai müstəviyə daşımaq deməkdir. Regionlara səfərlər Ermənistan cəmiyyətinə göstərəcək ki, Azərbaycan tərəfi normallaşma prosesini yalnız diplomatik bəyanatlar üzərində deyil, real sosial təmaslar üzərində qurmağa hazırdır.
Oktyabrın 22-də İrəvanda baş tutan dəyirmi masa əvvəlki illərdən fərqli olaraq daha real və konstruktiv məzmunda keçdi. Bunu müəyyən edən faktorlar ondan ibaeətdir ki, artıq 2020-ci ilin nəticələri bütün regionda yeni reallıq formalaşdırıb, köhnə “status” yanaşması aktuallığını tam itirib, Ermənistan cəmiyyətinin bir qismi yeni reallığa uyğunlaşma mərhələsindədir və dialoqa maraq artır, Azərbaycan tərəfi regional nəqliyyat-kommunikasiya layihələrinə, sərhəd təhlükəsizliyinə, normal qonşuluq münasibətlərinə dair mövqeyini daha açıq şəkildə ifadə edir. Dəyirmi masa, iki cəmiyyət arasında “psixoloji sərhədlərin” yumşalmasına ilk ciddi addımlardan biri kimi dəyərləndirilir. Bunun ardınca Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya planlaşdırılan səfəri bu prosesin davamı olacaq. Təbii ki, Azərbaycan bu prosesdə bir neçə mühüm geosiyasi üstünlük əldə edir. Humanitar təsir zonası genişlənir. Çünki cəmiyyətlərin sülhü qəbul etməsi dövlətlərarası sülh müqaviləsinin davamlılığını təmin edir. Bundan əlavə, Azərbaycan artıq təkcə müharibənin qalibi kimi deyil, həm də dialoq platforması yaradan tərəf kimi çıxış edir. Bu təşəbbüs göstərir ki, Bakı regionun iqtisadi, siyasi və sosial inteqrasiyasında liderlik iddiasını davam etdirir.
MTM Analitik Qrup
